Bu ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Bu ərazilərdə daha 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.

SİA xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, Ağdərə, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı, Xocavənd rayonlarında və Xankəndi şəhərində daha 40-dək şəxsə proqram çərçivəsində mal və materiallar təqdim edilib.

Bildirilib ki, verilmiş avadanlıqlar hesabına onlar un məmulatlarının istehsalı, kiçik dərzi sexi, broyler inkubatoru, avtomobil şinlərinin bərpası və təmiri, avtotəmizləmə, qadın gözəllik salonu, kişi bərbərxanası, dönərxana, avtoçilingər xidmətləri üzrə kiçik bizneslərini yaradıblar.

Qeyd olunub ki, proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər. İşğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 950-yə yaxın şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə