“Sədərək”dəki yanğınla bağlı sığorta şirkətlərinə müraciət daxil olmayıb

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbardakı şiddətli yanğın ciddi zərərlə nəticələnib. Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən sözügedən hadisə ilə bağlı müvafiq olaraq ölkəmizdə fəaliyyət göstərən 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanıb. Əldə etdiyimiz və bu günə olan rəsmi məlumatlara görə, hadisə ilə bağlı sığorta şirkətlərinə heç bir əmlak sahibləri tərəfindən hər hansı müraciət daxil olmayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin məlumatında bildirilir.

“Bu kimi hadisələrin zərərlərini ölkəmizdə tətbiq olunan daşınmaz əmlak icbari sığortası, əmlakın yanğından və digər risklərdən sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növ və məhsulları ilə hadisə baş vermədən əvvəl sığortalanaraq təminat altına almaq mümkündür. Əlavə olaraq onu da vurğulamalıyıq ki, bütün əmlaklarda, ələlxüsus da, bu kimi böyük ticarət obyektlərində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını, qarşısıalınma tədbirlərinə riayət edilməsini və baş verə biləcək hər cür bədbəxt hadisələrlə bağlı preventiv addımların atılmalı olduğunu tövsiyə edirik”, - deyə məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə