Cari ilin iyun ayının 1-i vəziyyətinə Bakı şəhəri üzrə muzdla çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 24 min 63 nəfər artaraq 980 min 975, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 403 min 184 nəfər, qeyri-dövlət sektorunda isə 577 min 791 nəfər təşkil edib.
SİA-nın məlumatına görə, Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, bu ilin yanvar-may aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 8,1 faiz artaraq 1374,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqları 1356,1 manat, özəl müəssisələrdə isə 1388,4 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elm və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı şəhər üzrə orta göstəricidən yüksək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə