"Ərzaq bazarında sabitlik üçün yerli istehsalın artması həlledici rol oynayır" - EKSPERT ŞƏRH ETDİ

"Hazırda ərzaq bazarında qiymətlərin ucuzlaşması və ya bahalaşması məsələsi gündəmdədir. Əslində, ərzaq bazarındakı qiymət dalğalanmaları bir çox amillərlə bağlıdır: mövsümi dəyişikliklər, idxal-ixrac balansı, valyuta məzənnələri, dünya bazarındakı tendensiyalar və yerli istehsalın həcmi. Bu faktorların hər biri qiymətlərin formalaşmasında mühüm rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, mövsümi faktorları nəzərə alsaq, yay və payız aylarında tərəvəz və meyvələrdə müəyyən ucuzlaşma müşahidə olunur. Çünki bazara daha çox məhsul çıxır və təklif artır: "Amma qış aylarında və ya məhsul qıtlığı yarananda qiymətlər yüksəlir. Ət, süd məhsulları və un məmulatlarında isə mövsümi ucuzlaşma çox az müşahidə olunur, çünki bu sahədə istehsal davamlıdır və xərclər stabildir. Digər tərəfdən, qlobal bazarlarda baş verən proseslər də ölkədaxili qiymətlərə təsirsiz ötüşmür. Məsələn, dünya bazarında buğdanın, şəkərin və ya yağın qiyməti qalxanda, idxaldan asılı olan ölkələrdə də bahalaşma qaçılmaz olur. Azərbaycan da müəyyən ərzaq məhsullarında idxaldan asılı olduğu üçün bu təsirləri hiss edir. Valyuta məzənnəsində dəyişikliklər də idxal mallarının maya dəyərinə birbaşa təsir göstərir.

Bununla yanaşı, bazarda rəqabət mühiti də qiymətlərin sabit qalmasında mühüm rol oynayır. Əgər yerli istehsal güclənərsə, idxaldan asılılıq azalacaq və qiymətlərin sabitliyi təmin olunacaq. Dövlətin həyata keçirdiyi kənd təsərrüfatı subsidiyaları, infrastruktur layihələri və fermerlərə dəstək proqramları uzunmüddətli dövrdə ərzaq bazarında qiymətlərin sabitləşməsinə və hətta bəzi məhsullarda ucuzlaşmaya səbəb ola bilər.

Hazırkı şəraitdə isə bazarda həm bahalaşma, həm də ucuzlaşma paralel müşahidə olunur. Məsələn, mövsümi məhsullar — pomidor, xiyar, kartof kimi tərəvəzlərdə qiymətlər nisbətən ucuzlaşır. Amma ət, süd məhsulları, şəkər və yağ kimi strateji ərzaq məhsullarında bahalaşma tendensiyası qalır. Ərzaq bazarında sabit və uzunmüddətli ucuzlaşma yalnız yerli istehsalın artması, idxaldan asılılığın azalması və rəqabətli mühitin gücləndirilməsi ilə mümkündür. Əks halda, mövsümi dəyişikliklər və qlobal bazar təsirləri qiymətlərin gah qalxmasına, gah da enməsinə səbəb olacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə