Göygöldə "KOB FEST" sərgi-satış yarmarkası keçirilir - FOTO

Göygöl rayonundakı Xan Yaylağında keçirilən Milli Yaylaq Festivalı çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBIA) təşkilatçılığı ilə "KOB FEST" sərgi-satış yarmarkasının açılış mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə KOBIA-nın əməkdaşları, sahibkarlar, festival qonaqları iştirak edirlər.

Mərasimdə çıxış edən KOBIA-nın əməkdaşı Çingiz Hüseynov bildirib ki, sərgi-satış yarmarkasında 100-dən çox sahibkara 800 çeşiddə məhsul və əl işlərini təqdim etmək imkanı yaradılıb.

"KOBİA-nın dəstəyi ilə təşkil olunan yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır. Yerli istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradan yarmarka KOB-ların məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də hədəfləyir",- deyə Ç.Hüseynov qeyd edib.

Tədbir rəsmi açılışdan sonra musiqili proqramla davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə