Böyük Britaniyanın “BP Plc” şirkəti bu ilin II rübündə 1,629 milyard xalis mənfəət əldə edib. SİA şirkətin məlumatlarına istinadən xəbər verir ki, ötən ilin eyni dövründə şirkət 129 milyon ABŞ dolları zərər etmişdi.
Bu ilin II rübündə ehtiyatların əvəzlənməsi metodu ilə düzəliş edilmiş mənfəət (RC profit) 2,4 milyard ABŞ dolları təşkil edib, əvvəlki rübdə isə bu göstərici 1,4 milyard ABŞ dolları olub.
II rübdə karbohidrogen hasilatının həcmi gündəlik 2,3 milyon barel neft ekvivalentinə qədər azalıb, bir il əvvəl bu göstərici gündəlik 2,379 milyon barel neft ekvivalenti olub.
Orta həyata keçirmə qiyməti: neft hasilatı seqmentində (“oil production & operations”) 55,78 ABŞ dollarından 49,03 ABŞ dollarına qədər azalıb; qaz və aşağı karbonlu enerji daşıyıcıları seqmentində isə 40,84 ABŞ dollarına (bir il əvvəl 36,85 ABŞ dolları ) qədər artıb.
Şirkət proqnozlaşdırır ki, III rübdə hasilat aprel-iyun səviyyəsi ilə müqayisədə cüzi azalacaq. 2025-ci ilin yekunları üzrə, hasilat həcminin ötən ilin göstəricilərinə nisbətən azalması gözlənilir.
II rübdə şirkətin kapital qoyuluşları 3,4 milyard ABŞ dolları təşkil edib, illik plan dəyişməz (14,5 milyard ABŞ dolları) qalıb. 2026 və 2027-ci illər üçün kapital xərclərinin strukturu dəyişməz olaraq - təxminən 13-15 milyard ABŞ dolları qalır.
BP, həmçinin III rüb hesabatı dərc olunana qədər 750 milyon ABŞ dolları məbləğində səhmlərini geri almağı planlaşdırdığını elan edib.
II rüb üçün dividendlər hər səhmə görə 8,32 sent təşkil edəcək ki, bu da əvvəlki rübün göstəricisindən (8 sent) yüksəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə