DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX), Azərbaycan Mərkəzi Bankı (AMB) və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumat bazaları arasında elektron mübadilə məqsədi daşıyan texniki imkanın yaradılması istiqamətində iş aparılır. SİA DVX-ya istinadən xəbər verir ki, bunu qurumun rəis müavini Samirə Musayeva “Biznesə daxilolma” İşçi qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, məqsəd fəaliyyəti xüsusi qanunvericilik aktları ilə tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digər dövlət orqanlarının verdiyi sənədlərin elektron qaydada qeydiyyat orqanına təqdim olunmasıdır.
Vergi rəsmisi qeyd edib ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması proseslərinin elektronlaşması, asanlaşması və reyestrin proaktivliyinin təmin edilməsi məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələri hazırlanıb. Layihələrdə təsis payının özgəninkiləşdirilməsi (alğı-satqı, bağışlama müqavilələri və s.) və yüklü edilməsi ilə bağlı müqavilələrin proaktiv olaraq qeydiyyat orqanının notariat orqanından alması və reyestrdə müvafiq dəyişikliklərin qeydə alınması nəzərə alınıb. Hazırda həmin sənədlər razılaşma mərhələsindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə