"Nağdsız ödənişlərin iqtisadi baxımdan faydaları son dərəcə əhəmiyyətlidir" - İQTİSADÇI RƏYİ
"Nağdsız ödəniş forması, daha rahat və funksional bir ödəniş mexanizmi olduğu üçün, əhalinin gündəlik həyatında rahatlığın təmin olunmasına xidmət edir. Bu ödəniş üsulu insanlar üçün nağd pul vəsaiti daşımaq zərurətini aradan qaldırır və bununla da fiziki pulun istifadəsi ilə bağlı riskləri minimuma endirir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı alim Altay İsmayılov deyib.
Onun sözlərinə görə, nağd pulun dövriyyədə olması gigiyenik baxımdan da bir sıra problemlər yaradır: "Belə ki, pul vəsaiti çoxsaylı insanın əlindən keçdiyinə görə, mikrobioloji baxımdan yüksək çirklənmə ehtimalı olan vasitəyə çevrilir və bu da ictimai sağlamlıq üçün potensial təhlükə yarada bilər.
Nağdsız ödənişlərin iqtisadi baxımdan faydaları isə son dərəcə əhəmiyyətlidir. Nağdsız ödəniş sistemləri əməliyyatların sürətlə və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaratdığı üçün ticarət dövriyyəsinin stimullaşdırılmasına və ümumi iqtisadi aktivliyin artırılmasına mühüm təsir göstərir. Ödənişlərin operativliyi bazar subyektləri arasında maliyyə axınlarını sürətləndirir və bu da öz növbəsində investisiya mühitinin canlanmasına və kapital qoyuluşlarının artmasına gətirib çıxarır".
İqtisadçı qeyd edib ki, nağdsız ödənişlərin iqtisadi sistemə ən mühüm və strateji təsiri şəffaflığın təmin olunması istiqamətindədir: "Belə ki, bu ödəniş forması kölgə iqtisadiyyatının həcminin azaldılmasına, vergi bazasının genişlənməsinə, dövlət büdcəsinə daxilolmaların artmasına və ümumilikdə iqtisadi aktivlərin vergiyə cəlb olunması prosesinin sürətlənməsinə səbəb olur. Bu cür təsirlər həm maliyyə intizamının güclənməsi, həm də dövlətin iqtisadi siyasətinin effektivliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Lakin bütün müsbət tərəflərlə yanaşı, nağdsız ödənişlərin müəyyən mənfi cəhətləri də mövcuddur. Bu mənfi təsirlər əsasən texnoloji və sosial amillərlə bağlıdır. İlk növbədə, əhalinin bir qisminin bu sistemlər haqqında kifayət qədər məlumata malik olmaması onların istifadəsini məhdudlaşdıra bilər. Digər tərəfdən, rəqəmsal ödənişlərin genişlənməsi kibertəhlükələrin artması riskini də özü ilə gətirir. Xüsusilə ödəniş kartları vasitəsilə aparılan əməliyyatlarda şəxsi və maliyyə məlumatlarının üçüncü şəxslər tərəfindən ələ keçirilməsi halları müəyyən problemlərə səbəb ola bilər.
Bununla belə, nağdsız ödəniş sistemlərinin tətbiqi qlobal və milli səviyyədə qaçılmaz bir tendensiyadır. Bu proses iqtisadi dövriyyənin sürətlənməsi, maliyyə sisteminin modernləşdirilməsi və rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi baxımından strateji əhəmiyyətə malikdir" - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə