"Bank olmayan təşkilatların özləri banklardan kredit götürürlər" - EKSPERT FİKRİ
"Bank olmayan kredit təşkilatları (BOKT-lar) bank sektoru subyektləri sırasına daxil olsa da, onların funksional imkanları banklarla müqayisədə daha məhduddur". Bu sözləri SİA-ya açıqlamasında bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, belə ki, banklar universal maliyyə institutları kimi fəaliyyət göstərərək, əmanətlərin cəlb edilməsi, bank hesablarının açılması və idarə olunması, həmçinin pul köçürmələrinin həyata keçirilməsi kimi geniş spektrli xidmətlər təqdim edirlər. Əvəzində, bank olmayan kredit təşkilatlarının fəaliyyəti əsasən kreditlərin verilməsi ilə məhdudlaşır və onlar əmanət qəbul etmək və hesab açmaq səlahiyyətinə malik deyillər. Bu da təbii ki, onların verdiyi kreditlərin daha yüksək faizlə olmasına səbəb olur. Belə ki, banklar hesab açmaq, əmanət cəlb etmək və Mərkəzi Bankdan nisbətən aşağı faizlə kredit götürmək imkanına malikdirlər. Yəni, bir sözlə, onların ucuz maliyyə resurslarına çıxış imkanları var".
Ekspert bildirib ki, lakin bank olmayan kredit təşkilatlarının (BOKT-ların) belə imkanları mövcud deyil: "Onların maliyyə mənbələri daha yüksək xərc tələb edir. Bir çox hallarda bu təşkilatlar özləri banklardan kredit cəlb etməli olurlar. Nəticə etibarilə, onların təqdim etdiyi kredit məhsullarının faiz dərəcələri daha yüksək olur ki, bu da onların maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu ilə izah olunur.
Bütün bu məhdudiyyətlərə baxmayaraq, bank olmayan kredit təşkilatlarının (BOKT-ların) mövcudluğuna və fəaliyyətinə iqtisadi sistemdə ehtiyac vardır. Bu, ilk növbədə, bank sektorunda tətbiq edilən kredit siyasətinin daha sərt şərtlərlə müşayiət olunması ilə əlaqədardır. Banklar kredit verərkən risklərin minimuma endirilməsini hədəfləyir və buna görə də daha yüksək kredit qabiliyyəti tələb olunur. Bu sərt yanaşma, Mərkəzi Bank tərəfindən həyata keçirilən ciddi nəzarət mexanizmləri ilə bağlıdır".
Əkrəm Həsənov qeyd edib ki, Mərkəzi Bankın kommersiya banklarına qarşı daha ciddi tənzimləmə və nəzarət tətbiq etməsinin əsas səbəblərindən biri, bankların əmanətçilərdən vəsait cəlb etməsidir: "Əhalinin əmanətlərinin qorunması, maliyyə sabitliyinin təmin olunması və sistemik risklərin qarşısının alınması məqsədilə bank sektoruna qarşı daha yüksək prudensial tələblər irəli sürülür.
Digər tərəfdən, bank olmayan kredit təşkilatları bu cür sərt tənzimləmə rejiminə tabe deyillər. Bu səbəbdən, onların kredit portfeli daha geniş əhali təbəqəsini əhatə edir, o cümlədən rəsmi gəliri sənədləşdirilməmiş, iş yeri məlum olmayan və ya kredit tarixçəsi zəif olan şəxslər də bu qurumlardan kredit əldə edə bilirlər.
BOKT-ların iqtisadiyyatda funksional rolu, kreditləşmənin daha əlçatan və çevik formada həyata keçirilməsini təmin etmələrindədir. Bu təşkilatlar kredit bazarında boşluqları doldurmaqla yanaşı, maliyyə inklüzivliyinin genişlənməsinə də töhfə verirlər. Nəticə etibarilə, daha çox fərdi şəxsin və kiçik sahibkarın maliyyə resurslarına çıxış imkanı yaranır ki, bu da iqtisadi fəallığın stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir"- deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə