"Hesablama prosesində şəffaflıq olmur" - EKSPERT AÇIQLADI

"Kiçik və orta sahibkarların ən böyük problemlərindən biri maliyyədir. Bu niyə belədir? Çünki onlar ciddi və riskli şirkətlər olur, yəni riskləri böyükdür, bəzən isə hesablama prosesində şəffaflıq olmur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

O həmçinin əlava edib: "Digər səbəblərdən biri isə kiçik və orta sahibkarların əmlakları məhdud olduğu üçün girov qoymaq imkanları elə də olmur. Bu baxımdan onların maliyyə çıxışlarında çox çətinliklər var. Həmçinin Azərbaycanda faizlər yüksəkdir. Dövlətin qanunvericiliyində kiçik və orta sahibkarlarına maliyyə çıxışları üçün xüsusi güzəştlər sistemi yoxdur. "Sahibkarlığın İnkişaf Fondu"nda layihələr təsdiq olunarsa, yalnız kiçik və orta yox, bütün sahibkarlar üçün güzəştli şərtlərlə, 5-6 faizlə kredit cəlb edə bilərlər. Eyni zamanda “İpoteka və Zəmanət Fondu” da vardır ki, onlar həm Fondun zəmanətlərindən, həm də kredit və subsidiyalarından istifadə edə bilərlər. Əsasən kiçik məbləğdə kredit verirlər, bu zaman həmin qurumlar çalışırlar ki böyük məbləğdə kredit vermək imkanını yaratmağa dəstək olsunlar".

İqtisadçı onu da əlavə edib ki, dövlətin sahibkarlara maliyyə dəstəyi sözügedən fondlar vasitəsilə həyata keçirilir: "Yəni kreditlərə verdiyi zəmanətlər və subsidiyalarla dəstək olunur. Amma ümumi şəkildə ciddi problemlər qalmaqdadır və Azərbaycan reytinqlərdə, sorğularda, bununla əlaqədar bütün araşdırmalarda biznesin maliyyə çıxışları ilə ilk üçlükdə yer alır".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə