İsrail-Fələstin müharibəsi dünya iqtisadiyyatına necə təsir göstərir? - İQTİSADÇI ŞƏRH ETDİ

"Ümumiyyətlə, dünyada baş verən hər bir siyasi proses iqtisadi proseslərə də təlatüm yaradır. Biz bunu Rusiya-Ukrayna müharibəsində də müşahidə etmişdik. Hazırda gedən İsrail-Fələstin müharibəsi də Yaxın Şərqdə baş verdiyi üçün sözsüz ki, bu, neft qiymətlərinə təsir göstərə bilər. Çünki qeyri-müəyyənlik bu cür strateji məhsulların qiymətinə mənfi təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, İsrail dünyanın aparıcı dövlətlərindən biridir: "Hesab edirəm ki, bu məsələdə siyasi maraqlar iqtisadiyyata öz töhfəsini verir. Ona görə də bu müharibənin davam etməsi və proseslərin gedişatının pisə doğru irəliləməsi dünya iqtisadiyyatında vəziyyəti ağırlaşdıra bilər. Belə ki hazırda dünyada neftə olan tələbat çoxdur. Neftin qiymətinə təsir göstərən hər bir amil dünya iqtisadiyyatında mühüm təlatümlər yarada bilər. Əlbəttə ki, neftin qiyməti qalxdıqca nəqliyyat, daşımaçılıq və sənaye məhsullarının qiyməti artacaq. Bu da öz növbəsində yüksək dərəcədə bahalaşma və inflyasiya doğura bilər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə