Ödənişli avtomobil yolları kimlərə fayda verəcək? - İQTİSADÇI AÇIQLADI

"Nazirlər Kabinetinin yeni qərarına əsasən, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyən ediləcək. Yolun ödənişli olmasından ən çox dövlət faydalanacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, istifadəçilər yol üçün ödəniş etməklə dövlət büdcəsinə xeyir verəcəklər: "Dövlət yolların tikinti-bərpa işlərini büdcə resursları vasitəsilə həyata keçirir. Büdcə isə vergilərdən toplanır və hər kəsin bunda bir payı var. Ona görə dövlət hesab edir ki, bu yoldan faydalananlardan daha çox vergi almaqla daha çox xərc ödəmək olar".

İqtisadçı sözlərinə davam edərək bildirib ki, bunun sürücülərə hər hansısa bir xeyri olmayacaq: "Əksinə, öncədən ödənişsiz istifadə etdikləri yol üçün əlavə xərc çəkəcəklər.

Nəqliyyat tarifləri sahəsində hökumətin siyasətində sosial meyillilik bəlli olduğuna görə ödəniləcək vəsaitin məbləğinin böyük olacağına inanmıram. Ona görə də sahibkarların bu yoldan istifadə edərkən yükdaşımalara xərci yaransa da, məbləğ böyük olmayacağına görə qiymətlərə ciddi təsir etməyəcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə