Əfqanıstana BMT-dən yardım edilib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Qrifts humanitar böhranın yaşandığı Əfqanıstan üçün 4,4 milyard dollarlıq yardım kampaniyası başlatdıqlarını və bu məbləğin hədəflənən ən yüksək məbləğ olduğunu vurğulayıb. SİA-nın xarici mənbəyə əsasən verdiyi məlumata görə, BMT-nin baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Qrifts Əfqanıstan üçün başladılan yeni yardım kampaniyası haqqında məlumat verib. Martin Qrifts bildirib ki, Taliban 2021-ci il avqustun 15-də hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan xalqı yeni bir reallıqla üzləşib: "Biz görürük ki, humanitar yardımlara insanların ehtiyacları var. Əfqanıstanda vəziyyət pisləşib. Əfqanıstanın bu kontekstdə hər zamankindən daha çox köməyə ehtiyacı var. Bu gün Əfqanıstan üçün 4,4 milyard dollarlıq bir yardım kampaniyasına start veririk. Bu məbləğ tək bir ölkə üçün başladılan humanitar yardım kampaniyalarının ən yüksəyidir. Əfqanıstanda 2 milyondan çox mülki şəxs ölkə daxilində didərgin düşüb. 23 milyon insanın humanitar yardıma ehtiyacı olduğu və 5 yaşdan kiçik 1 milyona yaxın uşaq qida çatışmazlığı riski ilə üzləşib. Biz xəstəxanaları səhiyyə avadanlıqları ilə təmin etməliyik. Evə qayıtmaq istəyən mülki şəxslərin təhlükəsizliyini də təmin etməliyik”.

Qrifts qeyd edib ki, planlaşdırdığımız 4,4 milyard dollarlıq yardım kampaniyası ölkədəki bütün humanitar ehtiyacları ödəməyə qadirdir: “2021-ci ildə yardım kampaniyasında hədəflədiyimiz məbləği toplaya bildik. Beynəlxalq ictimaiyyət bu mövzuda müstəsna hərəkət etdi. 2022-ci ildə də eyni həssaslığı gözləyin”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə