Səudiyyə Ərəbistanı 11 sentyabr hücumlarında iştirakını inkar edir

ABŞ Ədliyyə Nazirliyi 11 sentyabr qurbanlarının ailələrinə hücumlar haqqında daha çox məlumat verəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 11 Sentyabr terror hücumları qurbanlarının ailələri keçən həftə ABŞ Prezidenti Co Baydenə məktub göndərərək hücumlarla əlaqədar bəzi sənədlərin gizli saxlanılmasına davam edəcəyi təqdirdə bu il Baydenin 20-ci ildönümü anım mərasimlərində iştirak etməməsini istəyiblər.

ABŞ hökuməti hücumlarda Səudiyyə Ərəbistanı hökumətinin rolu ilə bağlı sənədləri gizlətdiyi üçün tənqid edilib. Yüzlərlə qurban ailəsi hücumlarda "Səudiyyə Ərəbistanının rolu olduğunu" iddia edərək bu ölkəni məhkəməyə verib. Səudiyyə Ərəbistanı 11 sentyabr hücumlarında iştirakını inkar edir.

Bayden Ağ Evdən verdiyi açıqlamada deyib ki, rəhbərlik etdiyi Administrasiya qanunla tələb olunan maksimum şəffaflıq səviyyəsini təmin etməyə sadiqdir. Co Bayden Ədliyyə Nazirliyinin ABŞ hökuməti tərəfindən əvvəllər gizli saxladığı sənədlərə yenidən baxmaq və onları qurbanların ailələri ilə bölüşmək təşəbbüsünü alqışladığını diqqətə çatdırıb.

ABŞ-da 11 sentyabr 2001-ci il terror hücumlarında 4 sərnişin təyyarəsi qaçırılıb və təyyarələrdən ikisi "Əkiz Qüllələr"ə çırpılıb. Başqa bir qaçırılmış təyyarə paytaxt Vaşinqtonda Pentaqonu hədəf alarkən, dördüncü təyyarə Pensilvaniya çölündə F-16-lar tərəfindən vurulub və hücumlar nəticəsində təxminən 3000 adam həyatını itirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə