"Bunun sərhəddən kənarda da nəticələri olacaq"

BMT -nin Əfqanıstan üzrə xüsusi elçisi Deborah Lyons BMT Təhlükəsizlik Şurasındakı brifinqində Taliban hərəkatının irəliləməsi ilə Əfqanıstanda müharibənin daha ölümcül və dağıdıcı hala gəlməsindən bəhs edib.

SİA xəbər verir ki, xüsusi elçi brifinqdə bunları deyib: "Qarşımızda ya həqiqi bir sülh danışıqları, ya da ağır bir humanitar vəziyyət, insan haqlarının pozulması və vəhşicəsinə qarşıdurma ilə müşayiət olunan faciəli bir böhran var. Belə bir fəlakətin Əfqanıstan sərhədləri xaricində də nəticələri olacaq".

Əfqanıstanın "təhlükəli dönüş nöqtəsinə" girdiyini və son bir ayda mindən çox insanın qarşıdurmalarda öldüyünü söyləyən Lyons, Əfqanıstanda yaşanan böhranın Suriya və Sarayevo müharibələrini xatırlatdığını bildirib.

Əfqanıstanlıların bir çoxunun ölkəni tərk etməyə çalışdığını qeyd edən Lyons bunları deyib: "Həm nizamsız, həm də qanuni yollarla bu il immiqrasiyanın iki dəfə artacağını gözləyirik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə