"Naxçıvanda keçirilən təlimlər xüsusi önəmə malikdir" - HƏRBİ EKSPERT AÇIQLADI

“Təlimlər hər bir ordunun həyat tərzidir. Yəni bu təlimlər ordunun yerinə yetirdiyi vəzifələrin miqyasından və onun tərkibindən asılı olaraq planlaşdırılır və həyata keçirilir. Naxçıvanda keçirilən son taktiki təlimlərdə əsas mövzu olaraq təxribat törətməyə hazırlaşan şərti düşmənin diversiya fəaliyyətlərinin qarşısının alınması məsələlərinə ciddi diqqət yetirilib və bu təlimlər həm də Türkiyə Silahlı Qüvvələri tərəfindən yaxından izlənilib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, təlimlərdə xüsusi təyinat qruplarının helikopterlərlə qarşılıqlı fəaliyyəti nəticəsində desant endirilməsi, şəhər ərazisində müxtəlif atəş vasitələrindən istifadə etməklə təxribatçıların zərərsizləşdirilməsi xüsusilə diqqətimizi cəlb edən məsələlərdəndir: “Dolayısı ilə Azərbaycan bu təlimləri ilə ehtimal olunan rəqib qüvvələrə anti-terror əməliyyatlarına daim hazır olduğunu, bu əməliyyatları istənilən iqlim, hava və günün gecə-gündüz saatlarından asılı olmayaraq həyata keçirə biləcəklərinə dair bir mesaj verməkdir. Təlimlərdə bir çox suallar məsələn, döyüş təminatı, yaralıların təxliyəsi, hərbi qulluqçuların təchizatı kimi məsələlər də öz əksini tapıb”.

Ekspert sözlərinə belə davam edib: “Burada bir daha müşahidəçi və təlimatçı qismində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları da təlimin uğurla başa çatmasını vurğulayıblar. Hətta bir neçə hərbçimizin mükafatlandırılmasını da həyata keçiriblər. Bu təlimlər ümumilikdə Azərbaycan ordusunun döyüş imkan və potensialının artırılmasına xidmət edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə