Dünya ticarəti üçün həyəcan təbili çalınır

Atlantik okeanını Sakit okeana birləşdirən dünyanın ən mühüm kanalı olan Panama üçün həyəcan təbili çalır. Quraqlığa görə gəmilərin sayı məhdudlaşdırılıb, dünya ticarəti təhlükə altındadır. SİA xarici mətbuata istinadən xəbər verir ki, həyəcan təbilinin səbəbi dünyanın ən mühüm tranzit yollarından biri olan Panama kanalında quraqlıqdır. Bir çox gəminin kanalın girişində lövbər salması qlobal ticarətdə tənəzzüllə bağlı narahatlıqları da özü ilə gətirib. Digər tərəfdən, əmtəə qiymətlərinin artacağı iddia edilir. Panama kanalının səlahiyyətli orqanının verdiyi açıqlamaya görə, tranzitlərin sayı sentyabrın 2-dək gündə maksimum 32 gəmi ilə məhdudlaşdırılacaq. Kanaldan hər gün 40-a yaxın gəmi, ildə isə 15 min gəmi keçir. Atlantika ilə Sakit okeanı birləşdirən 80 kilometrdən çox su yoluna məhdudiyyətlər Mərkəzi Amerika regionunda yağıntının az olmasından sonra qoyulub.

Dəniz səviyyəsindən yuxarı olan Panama kanalı Atlantik okeanından Sakit okeana və əksinə dəniz məsafəsini təxminən 8000 dəniz mili qısaldıb. Kanalı keçmək üçün təxminən 8-10 saat vaxt lazımdır. Daşınan yüklərin həcmi 203 milyon tona çatır. Bu keçid dərəcəsi dünya dəniz ticarətinin 5%-ni təşkil edir.

Sərnişin təyyarəsindən çəkilən videoda quraqlıq səbəbindən kanala girə bilməyən bir çox gəminin açıq yerə lövbər saldığı görülüb.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə