İngiltərə Yaponiya ilə müqavilə imzalayır

Yaponiyanın Baş naziri Fumio Kişida həmkarı Rişi Sunak ilə Fransa, İtaliya, İngiltərə, Kanada və ABŞ-a səfərlərini əhatə edən diplomatik turunun Britaniya ayağında görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçən ay iki ölkənin birgə döyüş təyyarələri hazırlamaq qərarından sonra keçirilən görüş ikitərəfli müdafiə əməkdaşlığını yeni səviyyəyə qaldırıb. Sunak və Kişida ölkələrə bir-birinin ərazilərində hərbi qüvvələr yerləşdirməyə imkan verən müdafiə sazişi imzalayıb. İngiltərə Baş nazirliyindən edilən açıqlamada, iki ölkənin müdafiə və təhlükəsizlik əməkdaşlığını gücləndirəcək müqavilənin "Böyük Britaniya və Yaponiya arasında 100 ildən çox müddət ərzində ən əhəmiyyətli müdafiə müqaviləsi" olduğu vurğulanıb.

Böyük Britaniyanın Yaponiya ilə Qarşılıqlı Giriş Sazişi imzalayan ilk Avropa ölkəsi olduğunu xatırladan bəyanatda son addımın Böyük Britaniyanın Hind-Sakit Okean regionunun təhlükəsizliyini və sabitliyini təmin etmək əzmini gücləndirəcəyi vurğulanıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə