Nigeriyanın Zamfara əyalətində silahlı dəstələr tərəfindən girov götürülən 14 nəfər xilas edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Zamfara polisinin sözçüsü Məhəmməd Şehu verdiyi açıqlamada əyalətin Girkau kəndində silahlı dəstələrə qarşı əməliyyat keçirildiyini bildirib.

Şehu qeyd edib ki, əməliyyat zamanı silahlı dəstələr tərəfindən girov götürülən 14 nəfər xilas edilib. Xilas edilən insanların təxminən 50 gün girovluqda qaldığını qeyd edən Şehu bu şəxslərin sağlamlıqlarının yaxşı olduğunu bildirib. Əməliyyatda 6 silahlı dəstə üzvünün zərərsizləşdirildiyini qeyd edən Şehu silahlı dəstələrin sığınacaqlarının da məhv edildiyini vurğulayıb. Zamfara əyaləti artıq 5 ildir ki, silahlı dəstə üzvlərinin hücumları ilə üzləşir. Əyalət hökuməti əyalətdə artan təhlükəsizlik problemləri səbəbiylə tutulan silahlı dəstə üzvlərinin ölüm cəzası ilə mühakimə olunacağını açıqlamışdı.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə