Smartfonlar həyatımıza necə təsir edir? - MÜTƏXƏSSİS FİKRİ

"Smartfonlarla bağlı vəziyyət getdikcə kritikləşir. Məsələn, iki insan bir mövzu haqqında danışır və bir qədər sonra onlardan biri hansısa sosial şəbəkəsinə daxil olduqda həmin mövzu ilə bağlı reklamlar qarşılarına çıxır. Təbii ki, smartfonlarımız bizi dinləyir". Bu sözləri SİA-ya rəqəmsal marketinq mütəxəssisi Aydan Salay deyib.

Onun sözlərinə görə, əslində, buna iki baxış bucağı var: "Məsələyə həm istifadəçilər, həm də rəqəmsal marketoloqlar tərəfindən baxmaq olar. Əgər bir sosial şəbəkədə və ya istənilən internet səhifəsində potensial müştəri dəyəri varsa, təbii ki, satış etmək üçün alqoritmalar bunu dəyərləndirəcək. Ona lazım olan şey bizim data-analitik məlumatlarımızı toplamaqdır".

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, smartfonlar bizi dinləyə, izləyə, hətta neçə saniyə göz təması qurduğunuzu belə ölçə bilər: "Bizim şəxsi məlumatlarımızı qorumadığı halda bu etik hesab olunmur. Amma bizə hər hansı bir məhsul satmaq istəyirsə, dinləməsi doğrudur. Əslində, bundan qaçış yolu yoxdur. Lakin müəyyən qədər şəxsi məlumatlarımızı qorumalıyıq. Məsələn, e-poçt ünvanlarımızı bütün saytlarda bölüşməməliyik. Ümumilikdə tənzimləmələrə mütəmadi diqqət yetirmək mütləqdir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə