Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib

Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilir. Ali şahmat qurumunda konqresin son günündə rəhbər vəzifələrə seçkilər başlayıb.

Azərbaycan Şahmat Federasiyasından SİA-ya bildirilib ki, namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Ən çox səs toplayan FİDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə seçkidə qalib gəlib və növbəti 4 il müddətinə ali şahmat qurumunun rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.

Hindistanlı dünya çempionu Vişvanatan Anand, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Joran Aulin-Jansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə