"Komandanın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm" - "Qarabağ"ın yeni transferi
Pedro Bikalyo "Qarabağ"ın hədəflərin çatmasında pay sahibi olmaq istəyir. SİA xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu barədə klubun mtəbuat xidmətinə danışıb:
O, komandanı daha əvvəl də tanıdığını söyləyib: "Qarabağ"ı Avropadakı çıxışlarına görə tanıyırdım. Təklif aldıqdan və danışıqlara başlayandan sonra dərhal klubla bağlı geniş araşdırma apardıq, daha ətraflı məlumat topladıq. Şahidi olduğumuz mənzərə bizi çox sevindirdi. Öncədən klub barədə belə məlumatlı deyildik. "Qarabağ" regionun ən böyük klubudur, ölkə daxilində ardıcıl uğurlar əldə edir, avrokuboklarda yaddaqalan nəticələrə imza atır. Bu səbəbdən müsbət cavab verməkdə tərəddüd etmədim”.
P.Bikayo hədəflərinə də toxunub: “Mənim üçün yeni klub yeni çağırışdır. Komandaya tez uyğunlaşmağa və bir parçasına çevrilməyə çalısacam. Çempionlar Liqası həyəcanı yaşayacağım “Qarabağ”ın hədəflərinə çatmasında pay sahibi olmaq istəyirəm. Burada daha da inkişaf etmək imkanından yararlanacam. Böyük hədəfləri olan komandaya qoşulmuşam. Komandamızın yeni mövsümdə də hədəfləri eynidir. Məqsədimiz əvvəlki illərdə olduğu kimi, avrokuboklarda uğurlu nəticələr qazanmaq və ölkəni layiqincə təmsil etməkdir. Daxili yarışlarda da liderliyimizi qorumaq üçün çalışacağıq. Azərbaycanda futbolun inkişaf etdiyini bilirəm. Həm Avropada, həm də Premyer Liqa və kubokda güclü rəqiblərimiz olacaq. Azarkeşlərimizi növbəti titullarla sevindirmək üçün mübarizə aparacağıq".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq. Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə