"De Byazinin uğur qazanması üçün bacarığı kifayət deyil" - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

"Canni De Byazinin üç il müddətində Azərbaycan millisinə məşqçilik etdiyi dövrdə biz qarşımıza qoyulan hər hansı bir məqsədə çata bilmədik. Özünün uğurlu və uğursuz alınmayan hər-hansı bir məqsədlər olduğu halda bundan bir dərs götürmək olur. De Byazinin üç ildə həyata keçirdiklərini dərs olaraq götürmüşük. Düşünürəm ki, De Byazinin uğur qazanması üçün onun savadı, bacarığı kifayət deyil. Biz hər zaman aysberqin sudan çıxan hissəsi ilə bağlı fikirlər yürüdürük. Yalnız zirvənin üstünü möhkəmləndirmək istəyirik, aşağısından xəbərimiz yoxdur". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, De Byazinin yerində istənilən məşqçi olsaydı, yenə də Belçika ilə oyundan çıxmaq şansı yox idi: "Ümumi potensial gücünü nəzərə alsaq, istənilən bir məşqçi ilə bu oyundan çıxmaq şansımız çox cüzi idi. Bütün günahları De Byazinin üstünə yıxmaq doğru olmaz. Düşünürəm ki, 3 il müddətində De Byazinin özü çoxlu səhvlərə yol verdi".

"De Byazidə buraxdığımız səhvləri bir də buraxmayacağıq. Əsas məqsədimiz yeni təyin olunacaq məşqçinin bizim milli mentalitetimizi başa düşən, doğru istiqamətdə getməyimizi göstərəcək biri olduğunu başa düşməkdir. Doğru məşqçi seçsək belə arzu etməliyik ki, Qazaxıstan və ya Albaniya kimi ölkələr olan qrupa düşək. Bu zaman biz hər hansı bir uğura imza ata bilərik. Amma qlobal səviyyədə bizim ən aşağı səviyyədən həyata keçirməli olduğumuz işlər çoxdur",- deyə mütəxəssis əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə