"Əvvəlcədən Andrey Lunyov komandada olsa idi..." - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

"Əslində, oyundan öncə də "Qarabağ"ın qalib gələcəyi gözlənilən idi. Doğrudur, qələbə qazanmağımız ehtimal etdiyimiz qədər asan da olmadı. "Qarabağ" ilk hissəni çox yaxşı başlamışdı. Lakin oyunun birinci hissəsinin ortalarında rəqibin təzyiqi bizim komanda üçün çətinliklər yaratdı". Bu sözləri oktyabrın 5-də UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İsveçdə "Hakken" ilə qarşılaşan "Qarabağ"ın oyununu şərh edərkən SİA-ya futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, bir qapıçının komandasına nə qədər köməyinin dəyə biləcəyi bu oyunla məlum oldu: "Bəlkə sıravi azarkeşlər üçün qapıçının oyunu o qədər də gözəgəlimli olmaya bilər. Rəqibin bəzi qol imkanlarında öz soyuqqanlılığını qoruyaraq komandasının məğlubiyyətinin qarşısını aldı. Bəlkə də əvvəlcədən Andrey Lunyov komandada olsa idi, Çempionlar Liqasının qrup mərhələsində də iştirak edə bilərdik. Amma qismət Avropa Liqasının qrup mərhələsindən çıxmaq imiş. Bunun üçün demək olar ki, 50% işimizin öhdəsindən gəlmişik".

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, "Hakken" ilə oyunda bir neçə qol vurmaq imkanımız var idi: "Amma bunlardan birini reallaşdıra bildik. Bizim üçün önəmli olan üç xalı qazana bildik. Rəqibin yarımmüdafiə və müdafiə xətti çox yaxşı təsir bağışladı. Amma hücumda olan oyunçular ən azından ilk hissədə kifayət qədər aktiv görünmürdülər. "Qarabağ"ın qalib gəlməsindən ötrü bu yaxşı hal idi. Növbəti oyunda Almaniyanın "Bayer" komandası ilə qarşılaşacaq. Bu, əsas oyunlarımızdan biri olacaq. Əgər o oyunda ən azından hesabı bərabər etmiş olsaq, qrupdan çıxmağı təmin etmiş olacağıq. Əgər "Hakken"ə də öz meydanımızda qalib gəlsək, 9 xal ilə qrupdan çıxa biləcəyik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə