"Qarabağ"-"Molde" oyunundan gözləntilər NƏDİR? - İDMAN MÜTƏXƏSSİSİ ŞƏRH ETDİ

"Hər halda bu axşam gərgin bir oyun izləyəcəyik. Bu səviyyədə oyunlar asan keçmir. Amma hesab edirəm ki, bu oyunda "Qarabağ"ın qələbə şansı "Molde"yə nisbətən daha çoxdur. Bu cür düşünməyimə səbəb olan bir sıra amillər var. İlk növbədə onu qeyd edim ki, Ağdam klubunun hücum xətti həqiqətən də çox yaxşıdır. Çünki cinahlarda oynayan futbolçuların sürəti və texnikası rəqibin müdafiə xəttini yarmağa imkan verir". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, digər tərəfdən "Qarabağ" son oyunlarda həm Medina, həm Juninho, həm də Bəhlul artıq cinah ötürmələrindən sonra başla qol vururlar: "Komandanın yarımmüdafiə xətti də çox balanslı şəkildədir. Skandinaviya təmsilçisinə qarşı oyunda bütün bunlar bizim lehimizə ola bilər. Eybi zamanda, öz meydanımızda oynamağımız azarkeşlərin dəstəyi baxımından bizim üçün motivasiyadır. Sözsüz ki, oyuna ehtiyatlı başlamalıyıq. "Qarabağ"ın şanslarını dəyərləndirərkən "Molde"nin ustalıq səviyyəsini aşağı salmaq istəmirəm. Çünki bu cür komandalara qarşı biraz boşluq yaratsan, onlar məharətlən həmin boşluqlardan istifadə edərlər. "Qalatasaray"ın verdiyi boşluqlardan "Molde" çox yaxşı istifadə edirdi. Sadəcə olaraq "Qalatasaray"ın heyətində İkardi kimi oyunçu var idi ki, istənilən yerdən qol vururdu".

Mütəxəssis qeyd edib ki, axşamkı oyun həm də "Qarabağ"ın rəqiblə birinci qarşılaşmasıdır: "Köhlən atlar" oyunun başlanğıcında nisbətən ehriyatlı davranacaqlar. Yəqinki rəqibin oyunlarını analiz edərək üstün tərəflərini müəyyənləşdiriblər. Hər halda Azərbaycan təmsilçisi ümumi olaraq topa sahib çıxmağa çalışacaq. "Qarabağ"ın ümumi oyun fəlsəfəsi ondan ibarətdir ki, nə qədər top səndə olsa, rəqibin qol vurmaq şansı bir o qədər az olar. Bəlkə rəqibin əks-hücumları bizim üçün təhlükə yarada bilər. Amma yenə də düşünürəm ki, bizim oyunçular bunun üstəsindən gələcəklər. Bu oyunda qalib gəldiyimiz təqdirdə artıq qrupun liderliyi uğrunda mübarizəmizə böyük bir qatqı etmiş olacağıq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə