"Ermənilər nə qədər "bayraq" uçursa da, bizim üçün önəm kəsb etmir" - MÜTƏXƏSSİS MÜNASİBƏT BİLDİRDİ

“UEFA bu cür mötəbər oyunlarda təhlükəsizliyi yalnız yerli federasiyaya təqdim edir. Çünki UEFA-nın şəxsən özünün bunun öhdəsindən gəlmək imkanı yoxdur”. Bu sözləri idman mütəxəssisi Aslan Kərimov İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında dronla Qarabağdakı qondarma rejimin “bayrağı”nın uçurdulmasına münasibət bildirərkən SİA-ya deyib.

Onun sözlərinə görə, Avropa və dünya çempionatları, Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və s. əhəmiyyətli oyunların hamısında təhlükəsizliyə nəzarət etmək UEFA üçün müşkül məsələdir: “Düşünürəm ki, belə bir təxribatçı addım indiki halda bizim üçün böyük bir problem deyil. Çünki biz artıq torpaqlarımızı geri almışıq. Ermənilər nə qədər bayraq uçursalar da, bu ən azından bizim üçün heç bir əhəmiyyət kəsb etmir”.

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, bu kimi addımların qarşısını almaq tam olaraq mümkün deyil: “Ölkələr hansısa bir yarışda istər bayraq, istərsə də başqa bir materialın stadiona daxil olmasına mane ola bilməz. Ona görə ara-sıra belə təxribatların baş verməsi gözləniləndir. Amma bu bizim üçün narahatçılıq törətmir. Hər kəsə hər şey məlumdur”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə