"Belçika qarşısında işimiz biraz çətindir" - MÜTƏXƏSSİS MÜNASİBƏT BİLDİRDİ

"Oynayacağımız komandanın adı Belçika millisidir. Bir neçə il bundan öncə dünya sıralamasında reytinq üzrə birinci yerdə olan bir milli komandaya qarşı oynayacağıq. Belçika millisinin heyətində olan oyunçuların səviyyəsi də hər kəsə məlumdur. Bu futbolçular Avropanın ən öndə gedən klublarının nümayəndələridir. Ona görə də müqayisə etmək bir qədər çətindir". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, millimiz rəqibdən həm reytinq, həm də ustalıq səviyyəsi baxımından geridədir: "Amma az da olsa xal qazanmaq ehtimalı var. Hesab edirəm ki, bu cür komandalara qarşı oynayarkən maksimum konsentrasiyada müdafiə olunmalıyıq. Nə qədər öndə basqılı oynaya və ya arxada qapalı oynayıb daha sonra əks-hücuma keçə biləcəyimiz komandanın hazırlıq səviyyəsindən asılıdır".

"Düşünürəm ki, milli komandamız qapalı müdafiə olunub, daha sonra əks-hücumlarda xoşbəxtlik axtaracaq. Rəqibdən xal almaqdan ötrü yaradacağımız hər bir qol imkanından maksimum dərəcədə yararlanmalıyıq. Onların da bəlli strategiyası və vurucu oyunçuları var. Bu baxımdan Azərbaycan millisi müdafiə olunarkən boşluqlara şərait yaratmaması gərəkdir. İşimiz biraz çətindir, amma öhdəsindən gəlmək olar. Ümid edirəm ki, yaxşı oyun nümayiş etdirə bilərik",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə