"Birinci səbətdə dişimizə uyğun rəqiblər düşüb" - MÜTƏXƏSSİS DƏYƏRLƏNDİRDİ

"Düşünürəm ki, birinci səbətdə dişimizə uyğun rəqiblər düşüb. "Liverpul, "Roma”, "Ayaks" kimi komandalara nisbətən “Bayer Leverkusen”in rəqibimiz olması daha məqsədəuyğundur. Çünki ötən etapda “Voysburq”la Bakıda baş tutan oyun onu göstərdi ki, “Qarabağ” Almaniya klubu olmasına baxmayaraq “Bayer Leverkusen”ə də qalib gələ və xallar qazana bilər”. Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, bu dəfə ilk olaraq “Molde” ilə oynayacağıq: “"Tuluza" ilə müqayisədə "Molde" daha uyğun rəqibdir. Ən azından Bakıda onlardan xal ala bilərik. “Molde”nin “Qalatasaray” ilə oyununu da izlədik. Doğrudur, həmin matç da çox asan olmadı. Bu arada ehtimallar o demək deyil ki, Ağdam klubunun “Bayer Leverkusen” və ya “Molde”dən xal qazanması asan baş tutacaq. Lakin “Qarabağ”ın yuxarıda adını qeyd etdiyimiz komandalara qarşı qələbə qazanmaq şansı daha az olardı”.

“İsveç təmsilçisi "Hakken”ə qarşı oyunda isə qalib gəlməliyik. Bu komandanı udmasaq, heç Avropa Liqasında oynamağa dəyməz. Bizim qət edəcəyimiz minimum yol Konfrans Liqasının pley-off mərhələsi olacaq. Çünki biz “Hakken”i həm Bakıda, həm də İsveçdə məğlub etmək iqtidarındayıq. Bundan əlavə, bizim birinci və ikinci yer uğrunda mübarizə aparmaq şansımız da var. Doğrudur, daxili çempionatda işlərimiz o qədər də yaxşı deyil. Hər halda “köhlən atlar” bunun öhdəsindən gələ biləcək. Hesab edirəm ki, ikinci yer uğrunda mübarizə aparıb qrupdan çıxacağıq. Ən azından buna potensialımız çatır”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə