"Qarabağ" Bakıda da qələbə qazanacaq" - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

"Bu gün Qarabağ" 0:2 hesablı bir qalibiyyətdən sonra öz meydanında rəqibini qarşılayacaq. Düşünürəm ki, ilk oyun "Qarabağ"ın iti oyun sərgiləyən bir hücum xəttinə malik olduğunu göstərdi. Hücum xəttində oynayan futbolçular, xüsusilə Abdullah Zubir və Leandro Andrade çox yaxşıdır. Bu futbolçular sayəsində Azərbaycan təmsilçisi rəqibin müdafiəsini yara bildi. Onu da qeyd etmək lazımdır ki, biz çox nadir hallarda standart vəziyyətlərdən qol vururuq. Amma Lyublyanada Kevin Medina sayəsində standart vəziyyətdən hesabı açdıq". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov Azərbaycan təmsilçisinin Bakıda Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

"Bu qələbədən sonra cavab oyununda yenə də "köhlən atlar"dan qalibiyyət gözləyirik. Bakıda doğma azarkeşlərimizin dəstəyi istər-istəməz rəqib komandanı bir qədər təzyiq altında saxlayacaq. Bundan əlavə, hava şəraiti ən azından Sloveniyadan daha isti olacaq. Düşünürəm ki, bu da rəqibimizə təsir göstərə bilər",- deyə o əlavə edib.

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, bütün bunların fonunda əgər "Olimpiya" ilk oyundakı məğlubiyyətdən sonra mərhələni keçmək istəyirsə, mütləq böyük qüvvə ilə irəli atılmalıdır: "Çünki rəqib ən azından ilk hissədə bir topun əvəzini çıxmaq istəyəcək. Bu da bizə rəqibin müdafiəsində boşluqlar yarandığı halda qol imkanları əldə etməyə imkan verəcək. Belə situasiyalar 100% olacaq, amma əgər yaranmış fürsətlərin heç olmasa birini qola çevirsək mərhələni keçmiş hesab edə bilərik. Mənə elə gəlir ki, Bakıda da qalib gələcəyik. Yuxarıda sadaladıqlarımızdan əlavə buna əsas verən faktorlardan biri də "Qarabağ"ın "Olimpiya"dan daha güclü olmasıdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə