Ailə qurmaq asan, boşanmaq isə çətin bir prosesdir - PSİXOLOQ DANIŞDI

"Ümumiyyətlə, nişanlısını, boşandığı qadını öldürmək əsasən şübhəçi yaxud da psixi pozuntusu olan şəxslərdə müşahidə olunur. Elə insanlar var ki, onlar hətta boşandıqdan bir neçə il sonra qadınına qarşı zorakılıq və ya cinayət törətməyə meyl edirlər. Bu isə ətraf-mühitində olan insanların onlara təsirindən irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, çox vaxt kişilər boşandığı və ondan uşağı olan qadının yanında başqa bir həmcinsini görəndə şiddətə baş vururlar: "Əlbəttə ki, bu, Azərbaycan cəmiyyətində tez-tez rast gəlinən bir hadisədir. Belə hallar birmənalı qarşılanmır. Bunun kökü isə boşanan zaman tərəflərin bir-birinə qarşı neqativ münasibəti, nifrət dolu sözlərinə gedib çıxır. Bu da onların düşmən kimi ayrılmalarına səbəb olur".

Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, ümumiyyətlə, ailə qurmaq asan, qurulan ailəni dağıtmaq isə çox çətin prosesdir: "Əgər ortada uşaq da varsa, burada mütləq psixoloji dəstək olmalıdır. Valideynlər də cütlüyün qərarına hörmətlə yanaşmalı, qıcıqlandırıcı sözlər deyərək tərəfləri bir-birinə qarşı düşmənə çevirməməlidirlər".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə