Arıqlamaq üçün oruc tutanlar DİQQƏTLİ OLUN! - DİETOLOQ AYDINLIQ GƏTİRDİ

"Yay fəsli yaxınlaşarkən hamımızı arıqlamaq qayğısı götürür. Qışda qalın paltarların altında yaxşı komuflaj olan vücudumuzun havalar isindikcə geydiyimiz nazik geyimlər sayəsində bütün qüsurları ortaya çıxır və beləliklə, həyəcan təbili çalınır. Yaya daha incə şəkildə girmək üçün pəhrizlər, idmanlar əsas gündəmimizə çevrilir. Çünki ətrafımda mən daxil tanıyıb-bildiyim bir çox insan dietadadır". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə deyib.

Onun sözlərinə görə, Ramazanda bəzi insanlar arıqlasalar da, bir çoxu kökəlməkdən şikayətlənir: "Bu mübarək ayın başlanması dietalara da müəyyən qədər öz təsirini göstərir.
Ramazanda tutulan oruc, əslində, tamamilə mənəvi bir məsələdir. Bunun orqanizmə xeyri, sağlamlığa təsiri çox-çox arxa planda qalan, müsəlmanlar üçün o qədər də əhəmiyyət kəsb etməyib, diqqətə alınmayan cəhətlərdir".

Dietoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, heç birimiz orucu nə arıqlamaq, nə də sağlamlığa qovuşmaq üçün tutmamalıyıq: "Sırf Allahın əmri olduğu üçün yerinə yetirməliyik. Lakin, Ramazanda qidalanmanın da bir qaydası, bir üsulu var. Sahur və iftarda hər önümüzə gələni, heç bir sərhəd tanımadan tükətmək islami cəhətdən də doğru deyil. Üstəlik belə oruc min bir əziyyətlə verdiyimiz kiloları tezliklə geri almağımızla da nəticələnə bilər.

Böyük insana bədən temperaturunu, ürək döyüntüsünü və beynin fəaliyyətini saxlamaq üçün gün ərzində aşağısı 1200 kalori lazımdır. Bundan başqa minimal fiziki fəallıq üçün daha 400 kalori tələb olunur. Bu o deməkdir ki, ac qalaraq oruc tutmağı bəhanə edərək bir tərəfdən günah edirik, digər tərəfdən isə orqanizm fəsadlarla üzləşir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə