Ailədə büdcə KİMDƏ OLMALIDIR? - ŞƏHƏR SAKİNLƏRİ DANIŞDI - SORĞU

Son illərdə ölkədə işləyən qadınların sayında artım müşahidə edilir. Artıq kişilərlə bərabər, qadınların da ailə büdcəsinin formalaşmasında öz payı var. Ailə büdcəsinə ciddi nəzarət ailənin iqtisadiyyatına yaxşı təsir etmiş olur. Bəs görəsən bunun üçün ailədə büdcə kimdə olmalıdır? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Pərvanə Nəbiyeva: "Ailədə qadının və kişinin özünə görə işləri olur. Düzdü pulu kişi qazansa da, məncə, büdcə qadında olsa daha yaxşı olar. Qadın ailəni maddi baxımdan daha yaxşı idarə edə bilər".

Şəhər sakini Umar Məmmədov: "Kişilər ailədə daha öndə olmaq istəyir. Amma hesab edirəm ki, qadın daha ekonomik olduğu üçün ailə büdcəsi onda olmalıdır. Kişi nəyəsə pul xərcləyəndə bir dəfə düşünürsə, qadın bu barədə bir neçə dəfə düşünür".

Şəhər sakini Adilə Hüseynova: "Ailə büdcəsi kişinin əlində olmalıdır. Maddi baxımdan yük kişinin üzərində olur. Əgər qadın da pul qazanırsa, özü üçün xərcləsə yaxşıdır".

Şəhər sakini Əbdülxalid Fətullayev: "Mən kifayət qədər yaşayıb təcrübə əldə etmişəm. Düşünürəm ki, büdcəni ailənin böyükləri ilə məsləhətləşərək idarə etsələr daha doğru olar. İnsan yaşa dolduqca daha yaxşı bilir ki, nəyi necə xərcləməlidir. Əsasən, cavan ailələrdə pul problemi yaşanır. Niyə? Çünki nə ortaq şəkildə xərcləməyi bilirlər, nə də büdcə öz əllərində olanda pulun qədrin bilirlər".

Şəhər sakini Gülsüm Namazova: "Şəxsən bizim ailədə büdcənin yarısı məndə, yarısı da həyat yoldaşımda olur. Çünki həm qadının, həm də kişinin ehtiyacları olur. Büdcənin ortaq idarəsi ən əlverişli üsuldur".

Şəhər sakini Amin Eyvazov: Məncə, kişi və qadın bir yerdə bu məsələ ilə bağlı ortaq bir məxrəcə gəlməlidir. Hansı daha qənaətcildirsə, daha doğru şəkildə istifadə edə biləcəksə büdcə ona əmanət edilməlidir. Doğru seçim edilsə, ailədə də problem yaşanmaz. Yəni, büdcənin kimin əlində olması ailəyə görə dəyişir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə