Oruc tutmaqla insan öz bədəninin zəkatını verir - DİN XADİMİ AÇIQLADI

"Oruc tutmaq Allah tərəfindən vacib bir əmr kimi buyurulmuşdur. Təbii ki, oruc tutan insanların niyyətləri müxtəlif ola bilər. Həzrət Peyğəmbər (ə) belə bir hədis buyurulur "Hər bir görülən əməl, iş insanın etdiyi niyyətdən asılıdır. Necə ki, xalqımızın belə bir deyimi var: "Niyyətin hara, mənzilin də ora". Lakin Allahın əmri birdir. Bəndə istər arıqlamaq üçün, istərsə də ibadət üçün oruc tutsun. Ramazan ayının orucunu bir mənalı olaraq tutmaq vacibdir". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, islamşünas Hacı Ağasəid Yaqubov deyib.
Onun sözlərinə görə, əgər kimsə arıqlamaq üçün oruc tutursa, Allah təala onun savabını yalnız arıqlamaq kimi ona geri verəcək: "Bununla da bu dünyada o insanın qazandığı savab arıqlanmaq kimi ona bəxş olunar və oruc savabından məhrum olacaq. Axirət dünyasında O, şəxs Rəbbindən bu əməlin mükafatını istəyəndə Allah təala belə buyurar: "Sən arıqlamaq üçün oruc tutdun, mən də sənin istəyini təmin etdim". Din xadimi sözlərinə davam edərək həmçinin qeyd edib ki, oruc tutmaqla insanlar dünya nemətlərindən özlərini uzaq tutaraq, Rəbbinin hüzurunda ibadətini yerinə yetirmək fürsətini əldə edirlər: "Təbii ki, oruc ibadəti insanı eyni zamanda arıqladır. insanı pəhrizkar olmağa öyrəşdirir. Bəlkə də Allah özü insan bədənində müəyyən dəyişikliklərin olmasını, artıq yağlardan qurtulmasını istəyir. Oruc ilə insan öz bədəninin zəkatını verir. Arıqlamaq üçün oruc tutanlar başa düşməlidir ki, Allahın əmrini icra etmək üçün oruc tutsalar həm axirət savabını qazanmış olacaqlar, həm də bu dünyada onların fiziki vücudu normaya düşəcək. Tanrının vacib bildiyi oruc ibadəti həm insanın fiziki durumuna, həm də mənəvi aləminə təsir edir. Oruc tutarkən insan yemək rasionuna diqqət edir, daxili orqanlarında müəyyən fəallılıq başlanır, qan dövranı normallaşır. Bunların hamısı insan bədəninə təsir göstərir. Eyni zamanda, insan ac qalmaqla yanaşı, həm də Rəbbini xatırlayır, nemətlərin qədrini bilir və ibadət onu rahatlaşdırır. Ən önəmlisi odur ki, Allahın bəyəndiyi səbr etmək iradəsi insanda baş qaldırır. Digər günlərdə insan dünyanın naz-nemətlərinə başı qarışır. Nəfsinin istəklərinə səbr edə bilmir. Ona görə də insan Rəbbinə layiqincə ibadət edə bilmir. Bəlkə Allah təala insanların ibadət ayinlərini düzgün və rahat yerinə yetirmələri üçün oruc ibadətini vacib edib ki, bəndə oruc tutmaqla ən yaxşı əməl olan səbr etməyə alışqan olsun və digər aylarda da ibadət edərkən səbrlə ibadətlərini yerinə yetirsin. Ona görə də oruc ibadəti həm də səbr ibadəti hesab olunur."

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə