Problem insanların burunlarındadır yoxsa psixologiyalarında? - PSİXOLOQ DANIŞDI

“İnsanlar bir çox səbəblərdən estetik cərrahiyəyə müraciət edirlər. Lakin təbii ki, əsas səbəb isə kompleksdir. İnsanlar uzun müddət görünüşlərindən narazı qalırlar və yaxud da kimlərsə onlara pis görünmələri ilə bağlı daimi olaraq basqı edir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, eyni zamanda həmin insanları bəzən gülüş obyektinə belə çevirirlər: “Hətta çox rastlaşdığımız hallardan biri də valideynlərin evdə zarafatca belə olsa uşaqlarına yekəburun və s. deyərək, bunu zarafat elementinə çevirməsidir. Lakin bu illər keçdikdən sonra insanlarda kompleksin yaranmasına səbəb ola biləcək başlıca amilə çevrilir. Eyni zamanda məktəbdə yeniyetmələr arasında da bu proses cərəyan edir. Zarafat, lağ edərək kimisə gülüş obyektinə çevirmək üçün bədən nahiyəsində olan hansısa qüsurları ona daimi söyləməyi sanki özlərinə borc bilirlər. Bu təzyiqlərə uğrayan insanlar zaman keçdikcə öz görünüşlərində dəyişiklik etməyə çalışırlar. Bunun müxtəlif halları var.
İnsanın özü-özünü bəyənə bilməməsi də psixologiya ilə bağlıdır. Hətta qıraqdan çox normal göründükləri halda belə insanlar bəzən özlərini bəyənə bilmirlər. Bu proses isə zamanla şüuraltında siqnala dönüşə bilər.

Təbii ki, bunun təbii tərəfləri də var. Məsələn şəxsin burnu böyük, kobuddusa bu zaman həmin şəxsdə diskomforta səbəb olur. Belə olan halda da insanlar cərrahiyəyə əl atırlar.

Hər iki halda nəticəyə hazır olmaq lazımdır. Nəticə hər zaman insanın istədiyi kimi olmaya bilər. Çünki bu sonradan ciddi bir depresiyyaya və psixolji xəstəliyə səbəb ola bilər. Buna görə də plastik əməliyyat ciddi məsələdir. Həm psixoloji, həm də fiziki hazır olmaq lazımdır. Hətta düşünürəm ki, bu əməliyyata girəcək şəxslər əvvəlcədən psixoloji dəstək almalıdırlar”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə