Karantin rejminin yumşaldılmasına CƏMİYYƏTİN BAXIŞI NECƏDİR? - SORĞU

Dünyamız və ölkəmiz artıq iki ildən çox bir müddətdir ki, koronavirusla mübarizə aparır. Virus yarandığı ilk günlərdən etibarən çox sayda can almışdır. Bütün dünyaya qorxu salan bu virus dayanmadan artmış, hər kəsin sosial və ictimai həyatına ciddi təsirlər göstərmişdir. Xalqımız bu ağır günlərdə çox böyük əzm göstərmiş, karantin rejminə əməl etmişdir. Ölkəmiz virusdan qorunmaq üçün vaksinasiya prosesini uğurla həyata keçirmişdir. Artıq yoluxma hallarında ciddi şəkildə azalma halları müşahidə olunur. Martın 6-dan etibarən karantin jermi yumşaldılıb. Qərara əsasən qapalı məkandarda, mərasim zallarında say məhdudiyyəti, əyləncə məkanlarında vaxt məhdudiyyəti aradan qaldırılmışdır. Bəs görəsən karantin rejminin yumşaldılmasına cəmiyyətin fikri necədir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Naib Qurbanov: “Sözsüz ki, pandemiya bizim həyatımızda çox izlər buraxıb. Karantin rejmi sərtləşdirildi. Hər kəs evində oturmalı oldu. Virus çox insanın həyatına son qoydu. Ölkəmiz çətin bir dönəmdən keçib. Amma hər pis şeyin sonu kimi bu da yavaş-yavaş aradan qalxır. Hər kəs öz əvvəlki həyatına dönür. Karantin rejminin yumşaldılması sevindirici haldır”.

Şəhər sakini Səadət Bünyadova: “Təbii ki, pandemiya hər kəsin həyatına çox pis təsir etmişdir. çox insan bu virusa yoluxmuş, bəziləri ağır, bəziləri yüngül keçirib. Hətta bir çox insan sevdiyini itirib. Dünyada bu virus səbəbi ilə minlərlə insan həyatını itirib”.

Şəhər sakini Aftandil Rzayev: “Pandemiya dövrü həm bizim üçün, həm də ölkəmiz üçün çətin olub. Hər yerdə maska ilə gəzirdik. Açıq bölgələrdə belə. Kütləvi şəkildə yığıncaqlara icazə verilmirdi. Saat rejmi ilə hərəkət edirdik. Bir sözlə, çox çətin günlərdən keçmişik. Şükürlər olsun ki, artıq bu qaydalar ləğv edilib. Rahat şəkildə açıq havada gəzə bilirik. Təbii ki, bu karantin rejminin yumşaldılması hər kəs üçün müsbətdir”.

Şəhər sakini Mahirə Həsənova: “Virus hər kəsi təngə gətirib. Nə qədər insan həyatını itirib. Hər yerdə maska ilə gəzirdik. Küçələrə belə çıxmağa qorxurduq. Məktəblər, universitetlər, bir çox iş yerləri onlayn şəkildə fəaliyyət göstərirdi. İndi artıq hər şey öz qaydasına düşür, karantin rejmi də yumşaldıldı. Yavaş-yavaş əvvəlki həyatımıza dönürük”.

Şəhər sakini Mirəli Səlimli: “Mən də çox insan kimi koronavirusa yoluxmuşam. Şükür olsun ki, karantin dövrünü normal keçirdim. Mənimlə yanaşı bir çox insan da bu virusa yoluxub. Virusa görə çox insan həyatını itirib. Ümumiyyətlə dünyada 10 minlərlə insan virusa görə həyatını itirib. Ölkəmizdə ciddi karantin rejimi həyata keçirilmişdir. İnsanlar evlərindən çıxa bilmirdilər. Günlərlə evdə oturmaq məcburiyyətində qalmışıq. Amma indi əvvəlkinə nisbətən xeyli sayda yoluxma sayında azalma müşahidə olunur. Tezliklə əvvəlki həyatımıza qayıtmaq istəyirik”.

Şəhər sakini Səyyarə Məmmədli: “Hər dövrdə insanlar viruslarla mübarizə aparıb. İki ildir ki, dünya da, ölkəmiz də koronavirusla mübarizə aparır. Virusun ölkəmizə, dünyaya çox böyük fəsadları olub. Ölkəmiz bu virusun qarşısını almaq üçün hər tədbiri görüblər. Artıq virus azalır. Bu sevindirici haldır”.

Şəhər sakini Əfsanə Haşımova: “Təbii ki, karantin rejminin yumşaldılması gözlənilən haldır. Məncə, bu olduqca müsbət haldır. Normal həyatımıza qayıda biləcəyik. Çünki, sosial həyatımız sıfıra enmişdi. Yanlız iş və ev arasında gedib-gəlirdik”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə