Maşın bazarında NƏ BAŞ VERİR? - SƏBƏBLƏR BƏLLİ OLDU - FOTOREPORTAJ

Azərbaycanda son zamanlara avtomobillərin qiymətində bahalaşma müşahidə olunur. Maşın bazarında avtomobillər çox olsa da, demək olar ki, alıcı səviyyəsi tamamilə yox dərəcəsindədir. Bununla əlaqədar SİA-a olaraq Badamdar qəsəbəsində yerləşən maşın bazarına yolandıq. Bəs gəlin görək maşın bazarında alıcı-satıcı səviyyəsi hansı səviyyədədir?

Satıcı Tural Əliyev: “Bu il maşın bazarına 3-cü gəlişimdi. Maşın alveri ilə məşğul olmuram. Öz maşınımı satmağa gəlmişəm. Maşınım ili 2007-ci ildir və modeli “Hunday Sonata”-dı və qiymətini 12.500 manata qoymuşam. Bazarda demək olar ki, hamı alverçidi və özləri alıb üstünə də biraz pul qoyub satırlar. Pandemiyadan əvvəlki vəziyyətdən xəbərim olmasa da, hal-hazırda buradakı vəziyyət çox acınacaqlıdı. Bazarda çox adam olsa da, hamı bura maraq üçün gəlir”.

Alıcı Əlixan Muradlı: “Bazarda maşın satan çox olsa da amma avtomobil alan demək olar ki, yoxdur. Mən özüm də maşın almaq üçün bazara gəlmişəm amma istədiyim maşına hələ rast gəlməmişəm. Maşın bazarında demək olar ki, çox avtomobil yararsız vəziyyətdədir”.

Satıcı Elçin Bayraməliyev: “Mən özüm həm alıram, həm də satıram. Maşınları əsasən Koreyadan gətirirəm. Pandemiyadan əvvəl alıcı səviyyəsi çox yüksək dərəcədə olsa da, indi alıcılar sadəcə baxmaq üçün gəlirlər. Maşınlar çox bahadı. Bunun da əsas səbəbi gömrükdə rüsumların qiyməti ilə əlaqədardı”.

Alıcı Elməddin Qafarov: “Bu gün təsadüfi bir şəkildə maşın bazarına gəlmişəm. Düşünürdüm ki, bəyəndiyim bir maşın olarsa alaram. Elə düşündüyüm kimi də oldu. Elə hal-hazırda maşına baxırdım, siz gəldiz. Bazardakı vəziyyət yaxşıdı. Sadəcə qiymət biraz bahadı. Amma yaxşı maşınlar var”.

Satıcı Mahir Yusifov: “Mən öz maşınımı satmağa gəlmişəm Maşın “Niva” markasına aiddi. Bazarda alıcı səviyyəsi çox aşağıdı. Demək olar ki, yox dərəcəsindədi. Mən maşınımı 8.800 manat satıram. Fikrimcə, maşını baha qoymamışam. Amma yenə də gəlib baxıb və maraqlanan yoxdu”.

Satıcı Turan Ayvazov: “Bugünkü gün üçün alıcılıq qabiliyyəti zəifdi. İndi bazarda hansı satıcıdan soruşsaz vəziyyət eynidi. Onlar da deyəcəklər ki, alıcı səviyyəsi yoxdu. Məncə, bunun ən başlıca səbəbi pulsuzluqdu. Əvvəl camaat gəlirdi baxırdı alırdı. Amma indi yalnız baxmaqla kifayətlənirlər”.

Satıcı Ayaz Nağıyev: “Saat 7-dən burdayam amma hələ də, maşınımı sata bilməmişəm. Qiymətlər yaxşıdı. Çünki yaxşı maşının yaxşı da qiyməti olur. Bayaqdan çox adam gəlib baxır amma sata bilmirəm. Bunun da əsas səbəbi camaat bura gəzmək üçün gəlir, maşın almaq üçün yox”.

Satıcı Əmrah Abdullazadə: “Çox vaxt maşın bazarına gəlib-getmişəm amma ki, bu ilki kimi alıcılıqda belə aşağı səviyyə görməmişəm. Yəni əvvəl daha yaxşı idi. Eyni zamanda maşınların vəziyyəti daha saz idi. Hal-hazırda 2008-ci ilə aid “Kia Rio” satıram. Amma hələ də alan olmayıb”.

Satıcı Qulu Quliyev: “Mən həmişə maşın ticarəti ilə məşğul olmuşam. Lakin builki kimi aşağı səviyyədə olmayıb. 2020-ci ilə aid “Mercedes” satıram. Çox adam gəlib baxsa da, alan olmayıb. Demək olar ki, səhərdən burdayam. Bazarda sırf real alıcı yoxdu. Pandemiyadan əvvəl maşın ticarətinin vəziyyəti çox yaxşı olsa da, indiki vəziyyətdə isə Azərbaycanda bu ticarət çökmüş bir durumdadı”.

Alıcı Özgür Uçmaz: “Mən Türkiyə vətəndaşım amma Gürcüstanda yaşayıram. Təbii ki, ora ilə buranı müqayisə etdikdə Azərbaycandakı maşın bazarında qiymət daha bahadı. Yəni Gürcüstandakı maşınlar həm qiymət, həm də avtomobilin vəziyyəti cəhətdən çox yaxşıdı”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə