"Pul əl çirkidi" atalar sözünə cəmiyyətin baxışı -SORĞU

Qədim zamanlardan indiki dövrə kimi bizə gəlib çatan “Atalar sözü” adı altında bir sıra deyimlər var. Bu deyimlərdən biri də, pul ilə bağlıdır. Atalar sözünə görə, “Pul əl çirkidir”. Yəni keçmiş dövrlərdə bu deyim əsas götürülürdü. Müasir dövrdə isə bu kəlamla bağlı müəyyən əks fikirlər formalaşmışdı. Bu mövzunun aktual olduğunu nəzərə alaraq SİA-a tərəfindən şəhər sakinlərinin fikirlərini öyrəndik.

Şəhər sakini Məhəmməd Əkbərov: “Əlbəttə ki, bu deyim çox düzdü. Mənim üçün əsas sevgidi, hörmətdi, güvəndi. Pul həqiqətən də əl çirkidi. Bu gün var, sabah yoxdu”.

Şəhər sakini Nailə Nəcəfova: “Pul əl çirki deyil. Onu düzgün şəkildə qazanmaq lazımdı. Əgər sən onu öz halal zəhmətinlə qazanırsansa, ona əl çirki demək olmaz. Onun qədrini bilmək lazımdı. Çünki sən o pulla həyatını qura bilərsən".

Şəhər sakini Gülşən Əliyeva: “Allah heç kimi pulsuz etməsin. Pulsuz həyat əl çirkidi. Əgər sən ləyaqətini, qeyrətini və şərəfini itirməmisənsə pula görə bu, çox böyük bir şeydi. Amma deməzdim ki, pul əl çirkidi”.

Şəhər sakini Əli Mailov: “Pul hər şeyi həll edir. İndiki dövrdə hər şey pulla həll olunur. Hörməti də, sevgini də bu gün pulla əldə edirlər. Lakin keçmiş vaxtlarda bu belə deyildi. Keçmiş dövrlərdə insanın ən axrıncı fikirləşdiyi şey pul idi”.

Şəhər sakini Natavan Məmmədova: “Mən ictimaiyyət haqqında bir kitab oxumuşdum. Orada belə bir ifadə var idi: “Pul hər zaman xartiyadan öndə olur”. Yəni pul hər zaman yüksək yerdə olub. Aldığımız, əldə edə biləcəyimiz hər şey puldan asılıdı. Düzdü müəyyən şeylər var ki, xoşbəxtlikdi, sağlamlıqdı bunları pulla əldə etmək olmur”.

Şəhər sakini Fidan Əliyeva: “Bəli, pul əl çirkidi. Gəldi-gedərdi pul. Bugünkü gün hamı hər şeyini pulun üzərində qurub. Amma bilmir ki, bu, düzgün deyil. Əsas ailədi və onların həyatda olmasıdı”.

Şəhər sakini Nadir Cəfərov: “Fikrimcə, pul hər şeydi. Həyatda gördüyünüz hər bir şeyi biz pulla əldə edə bilərik. Yaxşı yaşayış, geyim, maşın və s. Düşünürəm ki, eyni zamanda, pul ruzidi. Onu əl çirki adlandırmaq heç də düzgün deyil".

Şəhər sakini Fəridə Əliyeva: “ Bir çox problemləri həll etmək üçün bizə pul lazım olur. Amma heç vaxt pul insanı xoşbəxt etmir. Mən o qədər varlı insanlar tanıyıram ki, çox bədbəxtdilər. Bunların müəyyən səbəbləri var. Hamısı normada istifadə olunanda daha yaxşı olur. Mənim rəhmətlik atam həmişə deyirdi ki, fəlsəfə kateqoreyası var. Yəni, nə ondan çox, nə ondan az”.

Şəhər sakini Zaur Məmmədov: “Baxır hansı məsələdə pul əl çirkidi. Misal üçün biz sizinlə hər hansısa bir biznesdə ortaq işləyiriksə, mən sizin pulunuzu mənimsəyirəmsə, bəli, o zaman pul əl çirkidi. Amma müəyyən nüanslar var ki, orada pul əl çirki rolunu oynamır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə