Azərbaycanda qoyulan gülməli adlar: Gil, Dəftər, Diliş - SORĞU

Ad insanın şəxsiyyətinin formalaşmasına təsir edən əsas amillərdən biridir. Bəzi valideynlər övladları dünyaya gəlmədən onlara adlar fikirləşirlər. Lakin elə valideynlər var ki, uşaqlarına qəribə, qeyri-adi adlar qoyurlar. Fikirləşmirlər ki, gələcəkdə uşaqlar bu adlardan utanc hissi keçirə bilərlər. Araşdırmalara görə, ölkəmizdə 2021-ci ildə uşaqlara ən çox qoyulan ən qəribə adlar Gil, Dəftər, Diliş və s. olub. Bəs görəsən uşaqlara nə üçün belə adlar qoyulur? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Fərqanə Hüseynova: “Həqiqətən də bu adlar çox gülməlidir. Belə adları qoymaq düzgün deyil. Özümüzün gözəl adlarımız var. Niyə onları qoymurlar bilmirəm. Tarixi şəxsiyyətlərimizin adlarını qoya bilərlər, sənətkarlarımızın adlarını qoya bilərlər. Banuçiçək, Natəvan, Səməd adlarını qoymaq daha məsləhətlidir”.

Şəhər sakini Rəfiqə Tağıyeva: “Əlbəttə, belə adların qoyulması yaxşı deyil. Uşaqlar böyüyəndə bu adlardan utana bilərlər. Məktəbdə sinif yoldaşları onları lağa qoya bilərlər. Valideyin övladına ad qoyarkən fikirləşməlidir ki, bu ad mənim övladıma necə təsir edəcək. Gözəl adlarımız var. Fatimə, Zəhra Məhəmməd adlarını qoysalar daha gözəl olar”.

Şəhər sakini Oqtay Ağayev: “Düşünürəm ki, bu adların qoyulmasının səbəbi savadsızlıqdır. Başqa nə ola bilər ki? Yəni belə adlar nə üçün uşaqlara qoyulur başa düşmürəm. Müsəlman aləmində, islam aləmində olan adların uşaqlara qoyulması daha yaxşı olar. Arif, Əhməd, Məhəmməd adlarını qoymaq olar. Bir sözlə, bizə xas olan adları qoymaq lazımdır. Məktəbdə oxuduğu dövrdə sinif yoldaşları onları lağa qoya bilər. Bu, əlbəttə ki, uşaqların psixologiyasına təsir edir”.

Şəhər sakini Aytac Abdullazadə: “Belə adların qoyulması düzgün deyil, çünki uşaqlar böyüyəndə adlarından utanırlar. Həm də ətrafdakılar da uşağı lağa qoyurlar. Uşaqların psixologiyasına da pis təsir göstərir. Yaşıdları arasında da adlarından utanırlar”.

Şəhər sakini Elşən Abdullayev: “Mənim 2 qız övladım var. Birinin adı Almazdır, o birinin adı Zümrüd. Uşaqlara normal adlar qoymaq lazımdır. Təsəvvür edin ki, uşaq 18 yaşına gəlib, öz adından utanır. Balış adını uşağa bir valideyn niyə qoyur bilmirəm. Ad insanın əsas göstəricisidir. Belə adlar qoymaq düzgün deyil”.

Şəhər sakini Nisə Həbibova: “Uşağa ad qoyarkən hər şeyi fikirləşmək lazımdır. Gülməli adlar qoymaq uşağa da pis təsir edir. Ad onun gələcəyinə təsir edir. Valideynlər bunu fikirləşməlidir. Dostlarının yanında özlərini əzik kimi hiss edirlər, adlarından utanırlar”.

Şəhər sakini Cabbar Cabbarov: “Məncə, bu çox yanlış hərəkətdir. Azərbaycan xalqının o qədər gözəl adları var. Bu adlardan birini qoya bilərlər. Ümumiyyətlə valideynlər ya qəribə adlar qoyurlar, ya da xaricilərin adlarından istifadə edirlər. Qəribə adlar uşağın özü üçün də psixoloji cəhətdən problem yaradır. Uşaqlar böyüyən kimi adlarını dəyişdirirlər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə