Saçlarınızın tökülməməsi üçün bu qidaları seçin MÜTƏXƏSSİS AÇIQLADI

“Saçlar bir neçə səbəbdən tökülə bilər. Ən sadə səbəblərdən biri fəsil dəyişkənliyidir. Xüsusilə də, yaz, payız fəsillərində saç tökülə bilir. Bundan başqa da müəyyən xəstəliklər olanda, həddindən artıq stressə məruz qaldıqda və yaxud qan azlığı olduqda da saç tökülməsi baş verir və ən çox saç tökülməsi ciddi sayılan xərçəngin müalicəsində, kimyaterapiya alanda olur ki, bu, artıq ciddi problemlərdəndir. Bunu da bərpa etmək üçün bir çox qidalarla yanaşı, həm də dərmanlar da lazımdır. Xüsusilə onu qeyd etmək istəyirəm ki, artıq kilolu qadınlar sağlıqsız, düzgün olmayan pəhrizlər saxladıqda da müəyyən vitamin və mineral çatışmazlığından artıq saç tökülməsinə səbəb ola bilir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, saç tökülməsində diqqət edəcəyimiz məqamlar odur ki, bizdə hansı vitaminlər çatışmır? Mütləq şəkildə biz buna B vitaminlərindən olan bioteni qeyd etməliyik. Çünki bu, saç üçün çox önəmlidir. Daha sonra, dəmir vitamini və sink mineralıdır ki, bunlar saç tökülməsində ən çox funksiyası olan, mühüm rol oynayan vitaminlərdir və xüsusilə tərkibində həmin vitaminlər olan qidaları qəbul etsək, daha çox faydalıdır”.

“Tərkibində B vitamini olan qidalara, əsasən biz bioten olan B vitaminini, yumurtanı qeyd edə bilərik. Avokado, göbələklər, fıstıq əzməsi və qızıl balığın tərkibində bioten vardır ki, bunları qida rasionumuzda saxlamalıyıq. Daha sonra dəmir tərkibli qidalara üstünlük verməliyik, bunlara da əsasən qırmızı ət, mal, qoyun əti, ciyər, yumurtanı da yenə daxil edə bilərik ki, bunlarda daha çox dəmir olan qidalardandır. Eyni zamanda, göyərtilər daha çox faydalıdır və xüsusilə ispanağı qeyd etmək istəyirəm. Kərəviz də daha çox dəmir tərkiblidir”.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: “Bundan başqa dəmir tərkibli olan quru meyvələri aid edə bilərəm ki, burada da paxlalılar daha çox dəmir tərkiblidir. Yadda saxlamaq lazımdır ki, dəmir tərkibli qidaları qəbul edərkən onların düzgün şəkildə həzm olunub qanımızda dəmirə çevrilməsi üçün C vitamini olan qidalarla birlikdə qəbul etmək lazımdır. Buna da limonu, sitrus meyvələrini göstərə bilərik və daha gözəl bir resept deyim ki, günlük rasionumuzda xüsusilə, səhər-səhər acqarına bəhməz və bəhməzin də üzərinə limon sıxıb qəbul etsək, saç tökülməsinə qarşı əvəzsiz vasitədir. Eyni zamanda, sink ən böyük rol oynayan vitaminlərdən biridir ki, sinkin də çatışmazlığı alopesiyaya qədər gətirə bilər ki, birbaşa tamamilə bədəndə nəinki saçın, hətta tüklərin tökülməsinə gətirib çıxarır. Sink tərkibli qidalara əsasən balqabaq tumunu, süd və süd məhsullarını, daha sonra taxılların bir çoxunu aid edə bilərik və pendir, qoz kimi qidalar da daha çox sink tərkiblidir. Yaxşı olar ki, bu qidaları rasionumuzdan əskik etməyək ki, həm saç tökülməsinin qarşısını alır, həm yeni saçların çıxmasına kömək olur. Eyni zamanda da qırılmış, gücsüzləşmiş saçların canlanmasında əvəzsiz rol oynayır”.

“Bəzən olur ki, qida əlavələri alınır və yaxud müəyyən bir xəstəliyin müalicəsi zamanı A vitamini tərkibli dərmanlar həddindən artıq çox qəbul olunduqda da saç tökülməsinə səbəb olur. Əgər bu tip qidalarla və yaxud dərmanlarla müalicə alırıqsa, paralel olaraq mütləq saç tökülməsinə qarşı da tədbirlərimizi görməyimiz vacib hesab olunur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə