Aşura günü bizim mədəniyyətimizə, incəsənətimizə -DİN XADİMLƏRİNDƏN AÇIQLAMA

"Aşura İslam tarixində xüsusi bir dəyərə sahibdir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, Aşura sözünün mənası 10-cu gün deməkdir: “Aşura günü İmam Hüseyn və onun tərəfdarları, ailə üzvlərinin Kərbəlada şəhadətə qovuşduğu gün kimi islam tarixində öz yerini tutub. Bildiyiniz kimi Kərbəla hadisəsi öz mahiyyətinə, öz xüsusiyyətlərinə, forma və məzmununa görə özündən əvvəlki və özündən sonra baş vermiş bütün hadisələrdən fərqlənib. Çünki bu qiyamın məğzini insanları yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmək təşkil edir. Bu Qurani-Kərimin bizə tövsiyə etdiyi və əmr etdiyi bir dəyərdir. Hər bir insan xüsusi ilə də dini sahədə çalışan insanın ətrafındakı olan adamları yaxşılıqlara dəvət etməsi və pisliklərdən çəkindirməsi lazımdır. Biz Aşura günün tarixinə baxarsaq, görərik ki, İmam Hüseyn də öz qiyamını, hədəfini insanlara dini təbliğ etməsini görürük. İmam Hüseyn heç bir zaman bu qiyamda hakimiyyəti ələ keçirmək və ya taxt-taca sahib olmaq üçün yox, ətrafındakı insanları İslam dininə dəvət etmək üçün çalışırdı. Çünki o dövrdə Müaviyə və oğlu Yezid hakimiyyəti xalqa və insanlara zülm edir və ən önəmlisi isə haqqlarını tapdalayırdı. Bütün bunlarla yanaşı Qurani-Kərimdə olan vacib əməlləri və əmrləri Müaviyənin hakimiyyəti pozurdu. Bu haqsızlıqları görən İmam Hüseyn Yezidə qarşı qiyam etdi. Kərbəla hadisəsi bəşəriyyət tarixində çox böyük bir hadisədir və illər keçməsinə baxmayaraq bütün müsəlman ölkələrində və həmçinin bizim ölkəmizdə də Aşura mərasimləri keçirilir, məhərrəmlik ayı olur. Onu da qeyd edim ki, Aşura günü bizim mədəniyyətimizə, incəsənətimizə və ədəbiyyatımıza da öz dərin izlərini qoymuşdur. Hər il Aşura mərasimini bizlər Peyğəmbərimiz və onun əhli-beytininə ehtiram əlaməti olaraq keçiririk”.

Mövzu ilə bağlı Bakı İslam Universitetinin kafedra müdiri, “Elin Səsi” Milli Mənəvi Dəyərlərimizin Qorunması İçtimai birliyinin sədri Elvin Talışınski SİA-ya fikirlərini bildirib.
Onun sözlərinə görə, Azərbaycan tarixən çoxmillətli və komfessiyalı ölkə olmasına baxmayaraq, əhalinin çox hissəsi müsəlmanlardan ibarətdir: “Xalqımızında milli-mənəvi dəyərlər sistemində islam dininin xüsusi yeri vardır. İslam dinin əsasını mənəviyyat, insani keyfiyyətlər, iman, yaxşı əməllər, insanların bir-birinə qarşı dürüst olması və bir-birinin haqqını danmaması təşkil edir. Həmçinin İslami dəyərlərinin mənəvi dəyərlərimizlə birlikdə dövlətimiz tərəfindən təbliği proritet sahələrindən biri olub. Bu baxımından tarixən görərik ki, xalqımızın hər zaman mərhəmətli, insan sevərliyi və digər nüanslarda seçilmişdir. Bütün bunlar bizlərin Allahın buyruqlarıdır. Ölkəmizdə hər zaman İslam tarixində olan müqəddəs günlər mövlud günləri, şəhadət günləri və bayramlar xüsusi ilə qeyd olunmuşdur. Bu gün bu tarixi günlərdən biridə Hicri təqvimi ilə Məhhərəm ayının 10-cu günüdür. Bu günün əhəmiyyəti həm xalqımız üçün, həm də dünya müsəlmanları üçün çox böyükdür. Bu gün İslam dinin təhrif olunmasının qarşısının alındığı, insanlara həqiqi İslam dinindən uzaqlaşmağa qarşı duran İmam Hüseyn və onun ailə üzvlərinin və tərəfdarlarının şəhadətə ucaldığı gündür. Bu gün hər bir müsəlman İmam Hüseynlə yanaşı həmçinin dini uğrunda, əqidəsi uğrunda, haqq uğrunda savaşaraq şəhadətlik zirvəsinə ucalan qardaş və bacılarımızı yad edirik. Xatırlayırsınızsa, Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Təzə Pir məscidində Aşura məclisində iştirak etmiş və orada öz çıxışı ilə yaddaşlarda qalmışdır. Dövlətimiz hər zaman müsəlmanlara və dini konfessiya nümayəndələrinə qarşı böyük diqqət və qayğı ilə çıxış etmişdir. Aşura günü hadisəsi həm də xalqımız üçün ona görə əhəmiyyətlidir ki, şücayət və fədakarlıq, haqq uğrunda mübarizə kimi yaddaşlarımıza həkk olunmuşdur. Biz bunu 44 günlük vətən müharibəsində də gördük ki, gənclərimiz haqq uğrunda, öz Vətəni uğrunda, əqidələri uğrunda, torpaqlarımızın geri alınması uğrunda savaşa qalxdılar və böyük bir qələbə qazandılar".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə