Əkizlik genetikadan asılıdır? HƏKİM AYDINLIQ GƏTİRDİ

"Alimlər düşünürlər ki, əkiz hamiləlik irsiyyətlə ötürülür. Eyni olmayan əkizləri dünyaya gətirmək imkanı əksər hallarda irsi olaraq ana xətti ilə ötürülür. Əgər ananızın ailəsində eyni olmayan əkizlər olubsa, onda sizin də dünyaya əkiz gətirmək şansınız artır. Lakin dövrümüzdə çoxdöllü hamiləliklərin sayı artmışdır. Bir az yaşlı qadınlarda bu hallara daha çox rast gəlmək olar. Çünki uzun illər sonsuzluqdan sonra mayalanmanı yüksəldən preparatlardan və ekstrakorporal mayalanmadan istifadə olunur". Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

Onun sözlərinə görə, yalnız bir prosedur -uşaqlığa zond ilə spermanın yeridilməsi (aşılama) çoxdöllü hamiləliyin yaranması riskini artırmır, əgər bununla yanaşı mayalanmanı artırmaq üçün preparatlar qəbul etmirsinizsə. Belə preparatlar yumurtalıqları stimullaşdırır: "Bu da birdən artıq yumurta hüceyrəsinin yetişməsi ehtimalını artırır. EKO nəticəsində yaranmış çoxdöllü hamiləliklər arasında eyni əkizlərin sayı artıb".

Həkim sözlərinə belə davam edib: "Yaşınızın əhəmiyyəti var. Əgər yaşınız 30-u keçibsə, onda sizin əkizlərə hamilə qalmaq şansızın gənc qadınla müqayisədə daha çoxdur. Yaşlaşdıqça orqanizm ovulyasiyanı stimullaşdıran hormonları daha çox ifraz etməyə başlayır. Bu isə, hər ay birdən artıq yumurta hüceyrəsinin yetişməsi ilə nəticələnə bilər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə