“Bu adamlar necə bu zəhrimarı rahat şəkildə sata və paylaya bilirlər?! - SİYASİ ŞƏRHÇİ DİLƏ GƏLDİ

“Ümumiyyətlə, zərərli vərdişlərin qarşısının alınmasının tək yolu sağlam həyat tərzinin təşviq edilməsidir. Yəni, bütün bu məsələlərin öhdəsindən sağlam həyat tərzi gəlir. Buraya insanların təbiətlə iç-içə olması, özəlliklə gənclərin və yenityetmələrin idmana həvəsləndirilməsi, kitab oxuması, dünya görüşünün genişləndirilməsi, yediyi-içdiyi qidalara diqqət etməsi, daxildir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, bütün bunları həll edəcəyimiz təqdirdə zərərli vərdişlərdən yaxa qurtarmış olacağıq: “Bu məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə dövlət nəzarətinin gücləndirilməsidir. Yəni, o zərərli vasitələri gənclərə satanlar və paylayanlar çox rahat şəkildə sağda-solda gəzirlər. Cəmiyyət içində hər kəs də onları tanıyır. Amma hüquq-mühafizə orqanları həmin adamları axtarıb tapa bilmir. Doğrudur, son günlər onların bəziləri həbs olunub. Amma, bu yetərli deyil. Daha ciddi addımlar atılmalı və sərt tədbirlər görülməlidir. Narkotik vasitələri Azərbaycan sərhədindən necə keçirirlər? Bu araşdırılmalıdır. Bu qədər gömrük, nəzarət, sərhədçi varkən, o adamlar necə bu vasitələri sərhəddən keçirə bilirlər? Deməli, onlara yardım edənlər var”.

Azər Həsrət sözlərinə belə davam edib: “Bu adamlar necə əllərini qollarını sallayaraq bu zəhrimarı rahat şəkildə sata və paylaya bilirlər?! Yəni, doğurdanmı cəmiyyət bundan xəbər tutmur?! Axı, satılması və paylanması çox geniş şəkildə olur. Əraziyə baxan polislər məsələyə ciddi nəzarət etməlidir”.

“Bundan əlavə, tez-tez televiziyada görürük ki, hansısa kənddə, bağda və ya ərazidə çətənə kolları aşkarlayıb onları yandırırlar. Siz fikir vermisinizsə, həmişə o kollar yetişmiş böyük bir bitki şəklindədir. Necə olur ki, hüquq mühafizə orqanları həmin kolların əkilməsi zamanı yox, yetişib bitdikdən sonra xəbər tuturlar?! Burada da əlavə suallar yaranır. Deməli, nəzarət edilmir. Bütün bu zəhrimarların yayılmasında onu satanlar təbii ki, günahkardır. Nə qədər ki, vəzifədə olub bu cür hallara bəxşiş və hədiyyə qarşılığında göz yumanlar var, onun qarşısını almaq mümkün olmayacaq. Ona görə də işə rəsmi qurumlara çəkidüzən verilməklə başlanmalıdır. Bundan sonrakı mərhələ isə çox asan olacaq. Bu adamları himayə edən vəzifəli şəxslər durduqca, problemin kökünü çözə bilməyəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə