Elektro skuter və mopedlər haqqında qanun

Bakı küçələrində son aylar moped, motosiklet və skuterlər daha çox görünür. Şəhərin tıxaclarından qurtulmaq üçün onlardan daha yaxşı yol ola bilməz. İctimai nəqliyyatın karantin müddətində dayanması da moped, motosiklet və skuterlərə olan tələbatı artırdı. Gənclər, iş adamları, kuryerlər də artıq onlardan istifadə etməyə başladılar. Artıq, yanacaq xərclərindən, parkinq problemindən qurtulan insanlar şəhəriçi daha sürətli səyahət edə bilirlər.

Moped mühərriki 50 kub santimetrdən az olan, dövlət qeydiyyat nişansız nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsini idarə etmək üçün heç bir sürücülük vəsiqəsi tələb olunmur. Lakin onların da riayət etməli olduqları qaydalar var. Velosiped, moped və motosiklet, təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələri sırasındadır. Bu nəqliyyat vasitələrində təhlükəsizlik kəməri olmadığına və yüngül zərbədən aşdığına görə sürücü müdafiəsiz şəkildə qalaraq qəza zamanı ağır xəsarət ala və ya dünyasını dəyişə bilər.

"Yol Hərəkəti" haqqında qanunda velosiped və moped sürücüləri üçün xüsusi qaydalar var. Həmin sürücülər bu qaydalara ciddi şəkildə riayət etməlidirlər ki həm özlərinə, həm də digər hərəkət iştirakçılarına təhlükə yaratmasınlar.

İlk növbədə moped sürmək üçün azı 16 yaşınız olmalıdır. Mopedlər yalnız və yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Mopedin sürəti 50 km saat sürətdən aşağı, velosipedin sürəti isə daha aşağı olduğu üçün, qanunda bu nəqliyyat vasitələrinin sürücülərinə sağ zolaqdan başqa digər sürətli zolaqlara keçməsi qadağan edilib.

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunundan çıxarış: Maddə 46

Bunlar moped sürücüsü üçün qadağandır.

- sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək

- mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və mopedi idarə etməyə mane olan yük aparmaq

- tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək

- sərnişin daşımaq

Bütün bunlara baxmayaraq Bakı küçələrinin səkilərində, yolun ortasında hərəkət edən mopedlər görürük. Onlar sərnişin daşıması isə normal hala çevrilib.

Mopedlərdən sonra elektro skuterlər də dəb olmağa başlayır. Qiymətləri daha da baha olduğu üçün nisbətən az görünən bu modellər daha da sərfiyyatlıdır. 6-8 saata tam enerji ilə dolan bu nəqliyyatların qiyməti 3000 azn-dən başlayır. Manevr məhdudiyyətləri və qiymətlərinə görə kuryerlər tərəfindən çox az hallarda seçilir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə