Azərbaycan mətbuatı “Eurovision-2012”ni necə təbliğ edir?

Artıq hər kəsə məlumdur ki, bu il Azərbaycan beynəlxalq "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcək. SİA-nın xəbərinə görə, artıq bununla bağlı bütün dünya və yerli mətbuatda mütəmadi olaraq yazılar dərc edilir, televiziyalarda verilişlər yayımlanır. Təbii ki, bu yazılar arasında neqativ, Azərbaycanın uğurlarının əleyhinə olan yazılarla yanaşı, təbliğat xarakterli, ölkənin inkişafını göstərən verilişlər, sujetlər, informasiyalar daha çox olur. Bəs görəsən, Azərbaycan mətbuatı beynəlxalq müsabiqə ilə bağlı məlumatları düzgün istiqamətdə çatdıra, lazımi səviyyədə yaya bilirmi? Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün qəzet baş redaktorlarına müraciət etdik.


"Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev bildirib ki, qəzetlərdə, mətbuatda, onlayn saytlarda, televiziyalarda yayılan materialları az hesab etmək olmaz: "Biz nə qədər yaxşı işıqlandırsaq da belə, xaricdə olan ayrı-ayrı qruplar, maraqlı tərəflər bundan istənilən halda istifadə edəcəklər, bu barədə yazacaqlar. Çünki bu işin prinsipi belədir. Azərbaycanın uğurları, nailiyyətləri düşmənləri qıcıqlandırır. Məsələnin əsas kökü buradadır. Ərazi baxımından o qədər də böyük olmayan, müstəqilliyini yeni qazanmış bir dövlət birdən-birə yüksək nailiyyətə imza atır. Dünyada bizi istəyənlərlə yanaşı, istəməyən başqa qüvvələr, maraqlar da çoxdur. İkinci bir tərəfdən Azərbaycan zəngin sərvətə malik ölkədir. Belə dövlətlərə maraq hər zaman yüksək olub. Bizim coğrafi mövqeyimiz, sərvətimiz, mədəniyyətimiz hər zaman diqqət mərkəzində olub. Kimlərsə maraqları naminə Azərbaycandan istifadə etməyə, təzyiq göstərməyə çalışır. Ona görə də xaricdə Azərbaycanın əleyhinə çıxan yazılan başqa məqsədlidir.

Mətbuatda "Eurovision"la bağlı kifayət qədər məlumatlar dərc olunur. Orada iştirak edən ölkələr barədə kifayət qədər məlumatlar yazılır, müğənnilər təbliğ olunur, onların həm mahnı müsabiqəsi, həm də Azərbaycan haqda açıqlamarı qeyd edilir, təbliğat konsertləri keçirilir. Yəni, ümumilikdə "Eurovision"la materiallar geniş əks olunur".


"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev vurğulayıb ki, "Evrovison"un tədbirlərinə KİV-in informasiya dəstəyi tam paralel və ona uyğundur: "Eurovision" tədbirlərinə hazırlıq prosesi də lazımı sürətilə gedir. Vaxtında nəzərdə tutulan bütün işlər yerinə yetiriləcək. Buna uyğun olaraq KİV-də informasiya dəstəyi aparılır. Burada qəzetlərin, televiziyaların, müxtəlif internet saytlarının fəaliyyətini inkar etmək olmaz. Mən bunları bir-birinə uyğun hesab edirəm. Bu gün əgər dünyanın müxtəlif ölkələrində "Eurovision"la bağlı neqativ ruhlu yazılar gedirsə, bu heç də onun nəticəsi deyil ki, Azərbaycandakı KİV-də bu proseslərə, hadisələrə informasiya dəstəyi lazımi səviyyədə deyil. Bu gün dünya miqyasında, beynəlxalq arenada müəyyən neqativ ruhlu yazıların getməsi yalnız onun nəticəsidir ki, dünya mətbuatında Azərbaycanla bağlı məlumatlar yetərli olmur. Amma son zamanlar bu kimi qərəzli informasiyaların qarşısını almaq üçün Azərbaycanla bağlı kifayət qədər məlumatlar dünya ictimaiyyətinə çatdırılır. Hesab edirəm ki, bu gün də müsabiqə ilə bağlı dərc olunan informasiyalar yetərlidir və yekunda Azərbaycan bu müsbaiqədən üzüağ çıxacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə