XİN Rumıniya sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulmasına münasibət bildirib
Oktyabrın 23-də Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisinə dron hücumu olub.
Bu barədə SİA Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin yerli medianın sorğusuna cavabına əsasən, gəminin 13 nəfərlik heyətində yer alan üç Azərbaycan vətəndaşının hamısı xilas edilib.
O qeyd edib ki, onlardan yüngül xəsarət alan, 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçirilib və mehmanxanaya yerləşdirilib.
“Məsələ ilə bağlı ölkəmizin Rumıniyadakı səfirliyi və aidiyyəti səlahiyyətli qurumlar ilə birgə koordinasiya işləri aparılır. Vətəndaşlarımıza konsulluq dəstəyinin göstərilməsi istiqamətində zəruri tədbirlər görülür. Bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq”, - deyə XİN-dən bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB