Avtobus qəzasında məsuliyyət hansı sürücünün üzərinə düşür? - EKSPERT AÇIQLADI

Avtobus qəzasında məsuliyyət hansı sürücünün üzərinə düşür? - EKSPERT AÇIQLADI

Bakıda ağır yol-nəqliyyat hafisəsi olub.hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, yaşlı qadın digər avtobusdan düşərkən arxadan gələn nəqliyyat vasitəsi onu vurub, daha sonra üstündən keçib. Bəs bu hadisədə günahkar kimdir? İkinci zolaqda sərnişin düşürən sürücü, yoxsa sağdan ötmə edən avtobusun sürücüsü?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, burada birinci növbədə günah yolun sol kənarında saxlayan nəqliyyat vasitəsindədir:

"Yəni, ikinci zolaqda saxlayıb sərnişinlərin minib-düşməsini təmin edən şəxslərdir. Bu, birinci növbədə avtobuslar haqqında təlimatda da, Yol Hərəkəti Qaydalarında da qeyd olunub. Sərnişinlərin yolun sol zolağında minib-düşməsinə şərait yaratmaq olmaz. Əgər sol zolaqda nəqliyyat vasitəsinin qapısı açılarsa, bu təhlükəli vəziyyət yaradır. Avtomobillərin metro kimi sağ və sol tərəfində ayrıca qapıları yoxdur. Ona görə də ikinci zolaqda dayanaraq sərnişinlərin minib-düşməsini təmin edən nəqliyyat vasitəsinin sürücüsü burada birbaşa məsuliyyət daşıyır.

İkinci növbədə günah sağdan keçən avtobus sürücüsündədir. Əgər sərnişinlərin minib-düşməsi zərurəti var idisə, həmin avtobusun arxasında dayanmalı, sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsini gözləməli və yalnız bundan sonra hərəkətini davam etdirməli idi. Yəni burada hər iki sürücünün məsuliyyəti var. Təbii ki, onlar narkoloji və tibbi müayinədən keçməlidirlər. Burada alkoqol və psixotrop maddələrin təsiri altında olub-olmama məsələsi də araşdırılmalıdır. Bu müayinələrdən sonra, bir və ya bir neçə şəxsin ölümünə səbəb olma faktına görə müxtəlif maddələrlə cinayət işi açıla bilər.

Mən bəzi detalları açıqlamaq istəmirəm, çünki bu, ibtidai istintaqın gedişinə təsir göstərə və istintaq materiallarına zərər verə bilər. Ona görə də mən burada əsas məsuliyyəti avtobus sürücüsündə görürəm. Çünki o, sol zolaqda dayanmamalı, sərnişinlərin minib-düşməsini həmin yerdə təmin etməməli və digər hərəkət iştirakçıları üçün təhlükə yaratmamalı idi. Bu hadisə göstərir ki, yol hərəkətinin təşkilində insanların sağlamlığına və həyatına ciddi təhlükə yaradan halları daha diqqətlə araşdırmalı və bu məsələlərə daha həssas yanaşmalıyıq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə