"Böhran cəmiyyəti həm birləşdirir, həm də ayırır" - AYDINLIQ GƏTİRİLDİ

"Əslində, böhran anlayışı çox genişdir və müxtəlif formaları mövcuddur: iqtisadi, siyasi, hərbi, tibbi və s. Ona görə də əvvəlcə bilməliyik ki, söhbət konkret olaraq hansı böhrandan gedir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Böhranlar cəmiyyətdə həm müsbət, həm də mənfi sosial reaksiyalar yarada bilər.

Buna real nümunə kimi 2020-ci ili göstərmək olar. Həmin ildə Azərbaycan xalqı eyni zamanda həm hərbi böhranla, həm də COVID-19 pandemiyası ilə üz-üzə qaldı. Pandemiya şəraitində karantin rejimi tətbiq olunmuşdu: insanlar evlərindən çıxmır, maska taxır, sosial məsafə saxlayırdılar. Bununla yanaşı, cəmiyyət ciddi psixoloji gərginlik, stress və hətta depressiya yaşayırdı.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan cəmiyyətində yüksək həmrəylik müşahidə olundu. Sosial müavinət alan yaşlı insanlar belə imkanları çərçivəsində orduya yardım edirdilər. Siyasi, mədəni və incəsənət xadimləri, ictimai şəxslər və ianəçilər müxtəlif yardım kampaniyaları təşkil edirdilər. İnsanlar iki cəbhədə - həm pandemiyaya, həm də müharibəyə qarşı mübarizə aparırdı və bu proses cəmiyyətdə birlik ruhunu daha da gücləndirdi.

Bu cür halların əsas səbəblərindən biri insanların ortaq təhlükə hissini paylaşmasıdır. Təbii fəlakətlərdə və digər böhranlarda da oxşar davranışların şahidi oluruq. Etibarlı liderlik və şəffaf informasiya mühiti qorxunu azaldır, əməkdaşlığı isə artırır. Güclü sosial bağlara malik cəmiyyətlərdə insanlar bir-birinə daha çox dəstək olurlar.

Digər tərəfdən, bəzi hallarda böhranlar zamanı ayrı-seçkilik də güclənə bilər. Xüsusilə resurs qıtlığı — iş, ərzaq və təhlükəsizlik kimi sahələrdə — yarandıqda qorxu və rəqabət artır. İnsanlar stres altında günahkar axtarmağa meylli olurlar və bu da azlıqlara qarşı mənfi münasibətin formalaşmasına səbəb ola bilər. Dezinformasiya və təbliğat isə bu qorxuları manipulyasiya edərək nifrəti daha da dərinləşdirə bilir.

Böhranlar cəmiyyətin daxili xüsusiyyətlərini üzə çıxarır. Əgər güclü institutlar və sosial etimad mövcuddursa, həmrəylik üstünlük təşkil edir. Əksinə, zəif idarəetmə, yüksək bərabərsizlik və qorxu şəraiti olduqda ayrı-seçkilik arta bilər. Əslində isə çox vaxt bu iki proses paralel şəkildə gedir: bir qrup daxilində həmrəylik güclənərkən, digər qruplara qarşı məsafə yarana bilər. Deməli, böhran zamanı həmrəylik artmaqla yanaşı, ayrı-seçkilik də arta bilir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə