Azərbaycanda dəniz mövsümü hər il 15 iyun tarixində başlayır. Bu tarixdən etibarən çimərliklərə giriş açılır və turistlərə xidmət göstərilməyə başlanıb. Bakı şəhərində, xüsusən Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun keyfiyyəti norma səviyyəsindədir və bu çimərliklərdən istifadə tövsiyə olunur. Lakin Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərində dəniz suyu çirklənməsi səbəbindən istifadənin müvəqqəti olaraq məhdudlaşdırıldığı bildirilir. Bu məsələ ilə bağlı SİA-da paytaxt sakinlərinin fikrlərini öyrənməyə çalışıb.
Şəhər sakini Nihad Məmmədov: “Dənizə ən son 4 il əvvəl getmişəm. Son dəfə gedəndə şərait məni qane edirdi. Xidmət baxımından çoxda problemimiz olmurdu. Amma dəniz sahilləri çox çirkli idi. İnsanlar öz zibillərini, istifadə etdikləri tullantıları yığmırdılar, dəniz sahillərini çirkləndirirdilər. Məncə bu çox doğru bir hərəkət və ya addım deyil. Mənim fikrimcə bununla bağlı çox tədbirlər görülə bilər. Bunlardan biri də, zibillərin yığılması və atılması və bu atılma vasitəsi ilə məsələn insanlar zibillərini atdıqdan sonra, məlumat versinlər ki, siz bu qədər zibil yığıb atmısız, əvəzində gələn səfər çimərliyə gəldikdə hər hansısa bir xidmətimizdən pulsuz istifadə edə bilərsiniz”.
Şəhər sakini Vaqif Yolçuyev: “Mən özüm dünən dənizə getmişəm. Dəniz açıqı bəzi yerlərdə çox çirklidi. Amma təmiz yerlərdə var. Ümumiyyətlə insanlar çalışır ki, çimərlikləri zibilləməsinlər. Amma bir də görürsən ki, olur insanlar gəlir yeyir, içir zibilində orda qoyur və gedir. Bu da heç yaxşı bir hal deyil. Bilirsiniz necədi insanlar gərək bir-birinin yaxşı və ya pis hərəkətini bir-birinə deməlidir. Gördün ki, kimsə hər hansısa bir yeri çirkləndirir, zibilləyir ona xəbərdarlıq etməlidir. Onsuzda yenə sən bura gələcəksən, sənin övladın ailən bura gələcək və səndə görəcəksən ki, bura çirklidi və buda sənə xoş gəlməyəcək”.
Şəhər sakini İlkin Allahverdiyev: “Bu il hələ ki, çimərliyə getməyə fürsət tapmamışam. Lakin keçən il dənizə gedəndə şəraitindən və xidmətlərdən çox razı idim. Mən ən çox sahil qəsəbəsi və Şıxov istiqamətində olan çimərliklərə üz tuturam. Sahil qəsəbəsində olan çimərliklər çox təmizdir. Şəraitidə çox yaxşıdır. Mənə görə heç bir problem yoxdur. Amma olur ki, bəzi çimərliklər var ki, çox çirklidir və mən çalışıram ki, o çimərliklərə getməyim”.
Şəhər sakini Adəm Əlizadə: “Ən son 3 gün əvvəl Pirşağı qəsəbəsində Qızılquma getmişəm. Çimərlikdə hər şey çox yaxşı idi. Suyu təmiz, qumu əla, xidmətləri yaxşı idi. Qaldı ki, çimərliyin əhatəsində olan təmizliyə oda çox normal idi. İnsanlar orda qoyulan zibil qutularından istifadə edərək zibillərini oraya atırdılar. Giriş haqqına gəldikdə isə 10 manatdan başlayır. Lakin bu çimərlikdən çimərliyə fərq edə bilir 5 manat və ya 15-20 manata qədərdə ola bilir. Bisetkalar isə 15-25 manat arası dəyişir. Qiymətlər mənim fikrimcə çox münasibdir”.
Şəhər sakini Yavər Əsədov: “Ən son bir həftə əvvəl Novxanıdakı çimərliyə üz tutmuşdum. Həftə sonumu yaxşı dəyərləndirmək istədim və dənizə getdim. Suyun səviyyəsi normal idi, lakin təmizliyə gəldikdə onunla bağlı çoxda yaxşı söz deyə bilməyəcəm. Suyun təmizliyi mənim fikrimcə çox da yaxşı deyildi. Nisbətən dənizdə pis qoxu gəlirdi. Mənim getdiyim məkanın girişi 10 manat idi. Lakin bu dəyişə bilir və maksimum 20 manata qədər ola bilir. Xidmətlər isə çox normal idi. Mən şəxsən xidmətdən çox razı qaldım. Qaldı ki, insanların çimərlikləri zibilləməsinə. Bu mövzu ilə bağlı onu deyə bilərəm ki, bu insanın xarakterindən aslıdır. Elə insanlar qanmır ki, sən buranı çirkləndirirsən və təbiəti korlayırsan”.
Şəhər sakini Rəhimə Rəhimova: “Bu il hələ ki, imkanım olamyıb dənizə gedim. Amma çalışacam ki, bu həftə sonu çimərliyə gedim və dəniz sezonumu açıq elan edim. Lakin keçən il və ondan əvvəlki illərdə yay aylarında dən izə gedəndə xidmətlərdə razı idim. Lakin giriş haqqı və bisetka pulları mənim fikrimcə biraz baha idi. Çimərliklərin zibillənməsinə gəldikdə isə onu deyə bilərəm ki, insanlar anlamalıdırlar ki, sən əgər evini zibilləmirsənsə buranıda zibbilləyə bilməssən. Burada sənin bir evin di təbiət bizim evimizdir. Biz əgər evimizi zibilləyiriksə bu zaman gələcəyimizidə zibilləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə