"İşsiz qalmaq gənclərin gələcəyə dair ümidlərini sarsıda bilər" - PSİXOLOQ İZAH ETDİ
"İşsizlik hər yaş qrupunda fərdlərə mənfi təsir göstərsə də, gənclər üçün bu vəziyyətin psixoloji nəticələri daha dərin və çoxşaxəli ola bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Brainspotting terapisti Pərvanə Musayeva deyib.
O bildirib ki, çünki gənclik dövrü həm peşəkar kimliyin formalaşdığı, həm də müstəqillik yolunda addımların atıldığı bir dövrdür: "İşsiz qalmaq gənclərin psixoloji sağlamlığını, sosial münasibətlərini və gələcəyə dair ümidlərini sarsıda bilər.
İşsizlik gənc insanlar üçün yalnız maddi deyil, eyni zamanda psixoloji baxımdan da ciddi bir sınaqdır. Bu durum gənclərdə depressiya, ümidsizlik, narahatlıq və digər psixoloji çətinliklərin yaranmasına və ya dərinləşməsinə səbəb ola bilər. Bu təsirlərin şiddəti şəxsin şəxsiyyətindən, sosial dəstəyindən və ailə mühitindən də asılıdır.
Mümkün təsirlərə aşağıdakılar daxildir:
Depressiya və ümidsizlik
Davamlı iş axtarışı və rədd edilmə halları gəncin özünə inamını sarsıda bilər. Gələcəyə dair ümidlərin azalması, özünü dəyərsiz hiss etmək və mənasızlıq duyğuları yaranar. İşsizlik uzandıqca depressiv əlamətlər güclənə bilər.
Anksiyete (narahatlıq)
Maddi çətinliklər və gələcəklə bağlı qeyri-müəyyənlik gənclərdə güclü narahatlıq doğura bilər. “Nə vaxt iş tapacağam?”, “Nə olacaq?” kimi düşüncələr yuxu pozuntuları, gərginlik və panik əlamətləri yarada bilər.
Özünə inamın zəifləməsi
İşsiz qalmaq gəncin öz bacarıqlarını dəyərləndirməsinə mənfi təsir edə bilər. “Məndəmi bir problem var?” tipli suallar daxili tənqidi gücləndirə bilər. Bunun nəticəsində insanlarda özgüvən əskikliyi yaranır.
Sosial təcrid
İşsiz qaldıqca gənc özünü dostlarından və cəmiyyətdən uzaqlaşdıra bilər.Sosial dəstəyin azalması isə depressiya riskini daha da artırır.
Bu hallarda nələr tövsiyyə edirik?
Psixoloji dəstək axtarmaq: fərdi və ya qrup terapiyası gəncə bu dövrü daha sağlam keçməyə kömək edə bilər.
Sosial dəstəyi gücləndirmək: dostlar və ailə ilə münasibətləri aktiv saxlamaq.
Yeni bacarıqlar qazanmaq: iş tapana qədər könüllü fəaliyyətlər, kurslar və ya təlimlərdə iştirak etmək həm motivasiyanı artırar, həm də CV-ni zənginləşdirər".
Bütün xəbərlər Facebook səhifəmizdə