"Həmin şəxslərin gecə vaxtı işlərə cəlb edilməsi onların razılığı ilə olmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Gecə növbəsində işləməklə bağlı Əmək Məcəlləsinin 98-ci maddəsi var". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib.
O bildirib ki, orada da konkret olaraq göstərilir ki, 18 yaşından aşağı olan işçilərin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsinə yol verilmir: "Bu, 98-ci maddədə konkret olaraq göstərilib.
Əvvəl normanın adı "gecə vaxtı işlər" gedirdi, sonra qanunvericilikdə dəyişdirilərək "gecə vaxtı yerinə yetirilən işlər" kimi adlandırıldı. Ümumiyyətlə, gecə vaxtı yerinə yetirilən hər bir işə Əmək Məcəlləsinin 98-ci maddəsinə uyğun olaraq 18 yaşından az olan işçilərin cəlb edilməsinə yol verilmir.
Həmçinin 18 yaşından az olan şəxslərdən başqa müəyyən şəxslər də var ki, həmin şəxslərin gecə vaxtı yerinə yetirilən işə cəlb edilməsinə birbaşa onların razılığı lazımdır. Onlar da hamilə qadınlar, 18 yaşından aşağı olan, əlilliyi olan uşağa baxan qadınlar və 3 yaşına kimi uşağını təkbaşına böyüdən kişilərdir. Həmin şəxslərin gecə vaxtı işlərə cəlb edilməsi mütləq şəkildə onların razılığı ilə olmalıdır. Əgər razıdırlarsa, gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilə bilərlər.
Bundan başqa əlilliyi olan şəxslər var ki, hətta onlar gecə vaxtı işləməyə razılıq versələr belə, yalnız onların razılığı əsasında işə cəlb olunmaları mümkün deyil. Əlilliyi olan işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə